"Ordun varsa – yurdun da var. Ana dilimizin taleyüklü həqiqətini əks etdirən bu lakonik deyim bəşəri inkişafın min illərdən keçib gələn gerçəyindən xəbər verir. Dünyanın indiki siyasi xəritəsi davamlı güc dartışmalarının nəticələrinin göstəricisidir. Kim yurdunu qoruya bilibsə, o, Vətənli xalq kimi yaşayıb. Kimin ordusu güclü olubsa, o, yurduna sahib çıxmağı da bacarıb. Bu baxımdan Azərbaycan xalqı əzəldən yurdlu, ordulu olub. Babalarımız həmin yurdu zaman-zaman ordulaşaraq bizim günlərədək qoruyub saxlayıblar".
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı, hakim Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Rəşad Mahmudov deyib.
O vurğulayıb ki, sevinc və təntənələri hələ də bitib-tükənməyən Qarabağ zəfəri də məhz namərd düşmənlərin ələ keçirdikləri qədim və cənnətmisal yurd yerlərimizin ordumuzun hünəri və bütövlükdə, xalqımızın ordulaşması ilə geri qaytarıldı. "Doğrudan da, müasir dünyada hər hansı bir ölkənin ərazicə qorunması, üstəlik, dinc həyatı və iqtisadi yüksəlişi silahlı qüvvələrin gücünə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyəti 104 il əvvəl itirilmiş dövlətçiliyimizin bərpası missiyası ilə tarix səhnəsinə qədəm qoyanda onun, 23 ay olsa da mövcudluğu məhz öz ordusunu yaratması ilə təmin olunmuşdu".
Deputat hesab edir ki, Azərbaycan peşəkar zabitlərin hazırlanması, ordu quruculuğu prosesinə o dövrdə başlanılsa da, sonrakı sovet dönəmində xalqımız məqsədyönlü şəkildə öz milli ordusundan məhrum edilmişdi: "Xalqımızın igid oğulları min illərdən gələn hərbi-döyüş ənənəsini ittifaq ordusunun tərkibində davam etdirmiş, gələcəyə bağlı arzularını xəyallarında yaşatmışdı. Azərbaycanın yaxın gələcəkdə dövlətçiliyini bərpa edəcəyini uzaqgörənliklə yəqin etmiş ümummilli lider Heydər Əliyev özünəməxsus bir böyüklüklə xalqımızın yurd sevgisi və döyüş ruhunun yaşadılıb inkişaf etdirilməsi üçün zəruri hazırlıq işlərinə başlamışdı.
Siyasət və dövlət idarəçiliyi dahisi Heydər Əliyev hələ 1971-ci ildə şovinizmiə sadiq sovet rəhbərliyinin qadağa və maneələrinə baxmayaraq, böyük çətinliklərlə də olsa Azərbaycanda hərbi kadrlar hazırlayan Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasına nail olmuşdu. Bununla Azərbaycanda hərbi biliklərin öyrənilməsinə maraq dirçəldilmiş, nəticə etibarı ilə azərbaycanlı zabit kadrların hazırlanmasına geniş meydan açılmışdı. Azərbaycan müstəqilliyini bərpa edənədək həmin hərbi məktəb ordu quruculuğunun əsas bazası, flaqmanı kimi formalaşmışdı və zaman yetişəndə suverenliyini qazanmış ölkəmizə önəmli töhfələrini verdi.
Bundan başqa böyük dövlət qurucusu Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə uzaqgörən siyasəti sayəsində gənc soydaşlarımızın Bakı Ali Qoşun Komandirləri və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər nüfuzlu hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mahiyyət etibarilə milli hərbi-döyüş ənənələrimizin yaşadılması demək idi. Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması birmənalı şəkildə milli ordu quruculuğu prosesinin başlanğıcı olaraq gələcək müstəqil Azərbaycan üçün Silahlı Qüvvələr rəhbərliyinin yetişdirilməsi amalına xidmət etmişdi".
R.Mahmudov söyləyib ki, müstəqillik illərində Prezident Heydər Əliyev milli ruhlu və həqiqi ordu quruculuğu prosesini möhkəm təməllər üzərində davam etdirdi: "Ulu öndər zəruri tədbirlər kompleksini gerçəkləşdirməklə qısa müddətdə Azərbaycanda peşəkar ordunun yaradılmasına nail oldu. Bununla yanaşı, ümummilli lider müasir tələblərə cavab verən ordu quruculuğu üçün xaricdə zabit hazırlığına xüsusi diqqət yetirdi. Azərbaycan Ordusunun NATO standartlarına cavab verməsinə önəm verildi. Bir sözlə, ulu öndər əsası Xalq Cumhuriyyəti dövründə qoyulmuş və yarımçıq qalmış milli ordu quruculuğunun müasir şəraitdə banisi oldu. Müstəqil dövlətin qüdrətli Ali Baş Komandanı Heydər Əliyev bu prosesdə tarixi ədalətə və siyasi-inzibati varisliyə sadiq qalaraq AXC ordusunun yaradıldığı 26 iyun tarixini ölkəmizdə yenidən Silahlı Qüvvələr Günü elan etdi.
Müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev Ali Baş Komandan kimi bu varisliyə sadiq qalaraq ölkənin müdafiə qabiliyyətini müasir standartlara cavab verən nizami ordunu gücləndirməklə və hərbçilərin döyüş ruhunu yüksəldən tədbirlərlə həyata keçirdi. Ordumuz ən müasir silahlarla təmin edildi, hərbçilərin təminatı yaxşılaşdırıldı. Qarabağ münaqişəsinin sülh yolu ilə həllini əsas tutan diplomatiyamızla bərabər, torpaqlarımızın lazım gələrsə hərb yolu ilə azad olunması da daim gündəmdə oldu. Bu şərəfli məqsəd uğrunda mübarizəni qələbə ilə başa çatdırmaq üçün peşəkar ordu quruculuğuna önəm verildi.
Ölkəmiz 20 faiz torpağı işğal altında olmasına baxmayaraq, qan tökülmədən sülh yolu ilə bu problemi həll etməyə çalışsa da, işğalçı Ermənistanın qeyri-konstruktiv hərəkətləri, beynəlxalq hüququn norma və prinsplərinə məhəl qoymaması, islah olunmayan cinayətkar davranışları və üstəlik, yeni torpaq iddiası ilə sərsəm bəyanatlar səsləndirməsi onu göstərdi ki, Ermənistan sülh istəmir. Bütün bunlar azmış kimi, Ermənistanın təmas xəttində gərginlik yaradaraq mövqeyimizə dogru hücuma keçməsi ölkə olaraq Azərbaycan üçün başqa seçim qoymadı. 44 gün ərzində Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında düşmən ordusu məhv edildi. Nəhayət, tarixi ədalət bərpa olundu, haqlı tərəf qalib gəldi, ölkə bütövləşdi".
Milli Məclisin deputatı deyib ki, 2020-ci ilin payızında qələbə soraqlı Vətən müharibəsi zamanı müstəqil dövlətin hərbi strategiyası ölkəmizin ən ağır yarasını sağaldaraq böyük bir xalqı layiq olduğu məqamına çatdıraraq müzəffər etdi, yurd sevgili xalqımızın milli qürurunu özünə qaytardı: "Bununla, qəhrəman Azərbaycan Ordusunun döyüş qabiliyyəti dünyaya səs saldı. Beynəlxalq aləm, hətta ermənilərin havadarları heyrətlə Qarabağ döyüşlərindən, silahlı qüvvələrimizdən danışdı. Dünya gördü ki, savaş tarixində yeni səhifə açmış Şuşa döyüşündə erməni fərari əsgər və zabitlərinin kütləvi qaçışı fonunda Azərbaycan döyüşçüləri şəhid olmuş, yaralanmış yoldaşlarını çiyinlərinə bağlayaraq qala şəhərə süngü döyüşü ilə daxil olmuşlar.
Ən şiddətli döyüşlər gedən 44 gün ərzində bir nəfər mülki erməninin belə xəsarət almaması isə məqsədinin Vətən torpaqlarının işğaldan azad edilməsi olan Azərbaycan Ordusunun yüksək məharətinin və şərəflə döyüşməyi bacarmasının göstəricisi idi. Bu əfasanəvi döyüş bacarığı ümummilli lider Heydər Əliyevin yaratdığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin inamla rəhbərlik etdiyi yeni tipli modern ordunun dünya hərb tarixinə yazdığı nümunəvi döyüş idi.
Düşmənin dinc əhali qənimi, əliyalın insanlar qatili olan quldur bandalarından fərqli olaraq, Azərbaycan Ordusu qarşısındakı mülki şəxsləri hədəf seçmədi, müharibə cinayətləri törətmədi. Peşəkarlıq, ləyaqət və əxlaq ordumuzun döyüş üslubu oldu. Sədaqəti və hünəri ilə Vətəni şərəfləndirən ordumuz bu gün dünyanın seçilən, diqqət mərkəzində olan hərbi gücləri sırasındadır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Silahlı Qüvvələrinin gücü dövlət müstəqilliyimizin əbədiliyinin və sarsılmazlığının mötəbər təminatıdır! Xalqımızı tarixi zəfərə qovuşdurmuş qalib Azərbaycan Ordusu yurdumuzun yenilməz arxa-dayağı, düşmən qarşısında aşılmaz sədd, möhtəşəm sipərdir. Azərbaycan Ordusuna eşq olsun!"