“Bu gün bütün dövlət sərhəd xətti boyu, o cümlədən də Ermənistan ilə dövlət sərhədində əməliyyat şəraiti ciddi nəzarətimiz altındadır, sərhəd təhlükəsizliyimizə qarşı yönələ bilən istənilən təhdidin qarşısı qətiyyətlə alınır və bundan sonra da alınacaq”.
“Report” xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev rəsmi mətbuatda dərc olunan məqaləsində bildirib.
O vurğulayıb ki, 2022-ci il sentyabr ayında sərhəd döyüş məntəqələrimizə qarşı təxribat törədən düşmən Azərbaycan əsgərinin döyüş əzminin, Azərbaycan sərhədçisinin döyüş ruhunun bir daha şahidi oldu: “Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu istiqamətində genişmiqyaslı təxribatının qarşısı qəhrəmancasına alındı, düşmənin canlı qüvvəsi, artilleriya və minaatanla yanaşı, döyüş postları, dayaq məntəqələri, atəş nöqtələri zərərsizləşdirildi”.
E.Quliyev xatırladıb ki, döyüş əməliyyatları zamanı “Harop” və “Quzğun” zərbəendirici PUA-larının döyüş tətbiqi nəticəsində düşmənə uzaq məsafədən Azərbaycanın hava məkanını nəzarətdə saxlamaq imkanı verən 7 ədəd "S-300" sistemi (44 günlük müharibədə isə 8 ədəd məhv edilib), döyüş dəstləri ilə birlikdə 2 ədəd "S-125" kompleksinin idarəetmə stansiyaları, "P-18" radiolokasiya sistemi, R-330 "Jitel" elektron mübarizə mərkəzi və sistemin anten gücləndirici qurğuları, onlarca döyüş məntəqəsi məhv edildi: “Dəqiq zərbələr nəticəsində düşmənin hərbi sursat anbarı sıradan çıxarıldı və bu hərbi bazadakı yanğın saatlarca raketlərin və sursatların partlaması ilə müşayiət olundu. Silahlı Qüvvələrimizin sarsıdıcı zərbələri altında böyük itkilər verdiyini görən və sərhəd-döyüş məntəqələrimizə qarşı hərbi təxribat törətməklə çox ciddi yanlış addım atdığını başa düşən Ermənistanın hərbi-siyasi rəhbərliyi öz havadarları vasitəsilə atəşkəs rejiminin bərpa olunması barədə müraciət etdi”.