Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir.
DSX-nin Mətbuat Mərkəzindən "Report"a bildirilib ki, 2020-ci ilin 17 sentyabr tarixində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.
DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun 2-ci Şahsevən kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkar olunub. Sərhəd pozucularının əllərində silah və yüklərin olması müşahidə edilib.
Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılmışdır. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb, sərhəd naryadına qarşı silah tətbiq etməklə geri qaçmağa cəhd ediblər.
Sərhəd naryadı tərəfindən “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq silah tətbiq olunub, sərhəd pozucularından biri aldığı güllə yarasından hadisə yerində ölüb. Digər sərhəd pozucusu ərazinin mürəkkəb relyefli olmasından istifadə edərək geri qaçıb.
Dövlət sərhədinin pozulması cəhdinin qarşısının alındığı əraziyə baxış zamanı 1 ədəd tüfəng, 2 ədəd çantada təxmini çəkisi 15 kq olan narkotikə bənzər maddə aşkar edilib.
Sərhəd pozucuları ilə görüşərək onlardan yükü təhvil almağa gəlmiş və sərhəd zastavasının mühəndis-texniki çəpərindəki məftilləri qıraraq sərhədboyu zolağa daxil olmuş Azərbaycan Respublikasının vətəndaşı, Beyləqan rayon sakini 1975-ci il təvəllüdlü Məmmədov Adiş Cavad oğlu saxlanılıb, üzərində sərhəd pozucularına vermək üçün gətirdiyi 10 ədəd şüşə qabda alkoqol işkiləri aşkar olunub.
Hadisə barədə İran sərhəd nümayəndəliyi məlumatlandırılıb.
Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.