Moskvada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 5-də Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Raza ilə görüşüb.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən bildirilib.
Görüşdə xalqlarımız arasında ənənəvi dostluq və qarşılıqlı etimadın, eləcə də Azərbaycan-Pakistan əlaqələrinin yüksələn xətlə inkişaf etməsindən və strateji tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub.
Regiondakı hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri Ermənistan-Azərbaycan münaqişəsi barədə danışıb, bu problemin həllində Pakistanının Azərbaycanın ədalətli mövqeyini beynəlxalq təşkilatlarda da dəstəkləməsinə görə minnətdarlığını bildirib.
Görüşdə Azərbaycan ilə Pakistan arasında təhlükəsizlik, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində, terrorizmə qarşı mübarizədə əməkdaşlığın, Hərbi Hava və Hərbi Dəniz qüvvələri arasında əlaqələrin genişləndirilməsi, eləcə də birgə hərbi təlimlərin keçirilməsi məsələləri müzakirə olunub.