“Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında yüksək səviyyəli əlaqələrin bariz nümunəsidir”.
“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov türkiyəli həmkarı Hulusi Akarla birlikdə Konyada keçirilən "Anadolu Qartalı-2023" beynəlxalq taktiki-uçuş təlimləri çərçivəsində çıxışı zamanı deyib.
Z.Həsənov söyləyib ki, iki ölkənin müdafiə nazirlikləri birlikdə bir sıra layihələr həyata keçirib: “Bundan sonra da birgə ümumi istehsal müəssisələrinin yaradılması üçün çalışacağıq. Türkiyə müdafiə sənayesinin son illərdə dünya miqyasındakı uğurları bizi də sevindirir.
Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən TEXNOFEST festivalında bəzi silahların yaxın gələcəkdə ölkəmizdə də istehsal ediləcəyini söyləmişdi. Vətən müharibəsi ilə dünyaya göstərdik ki, ən çətin zamanlarda bir-birimizin yanında oluruq”.