Yevlaxda bələdiyyə sədrləri inzibati tənbeh olunub
- 16 noyabr, 2023
- 08:59
Yevlax Rayon Polis Şöbəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə rayon ərazisində birgə keçirdikləri tədbirlər zamanı sənaye və məişət tullantılarının qalaqlanması halları aşkar olunub.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, aşkarlanmış hallarla bağlı İnzibati Xətalar Məcəlləsinin 266.2-ci (Tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə) maddəsinin tələblərini pozduqlarına görə rayonun Qoyunbinəsi və Kövər kəndlərinin bələdiyyə sədrləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.