Xızıda partlamış raket tapılıb
- 30 mart, 2018
- 09:31
Bakı. 30 mart. REPORT.AZ/ Xızı rayonunda partlamış raket tapılıb.
ANAMA-dan "Report"a verilən məlumata görə, martın 29-da saat 20:34-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 20:53-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Xızı rayonu, Gərmiyan kəndi ərazisində mərminin tapılması barədə məlumatlar daxil olub.
"Həmin tarixdə havanın qaranlıq və ərazinin dağlıq olduğunu nəzərə alaraq, Agentliyin mütəxəssisləri tərəfindən martın 30-da yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd partlamış raket aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Aşkar olunmuş raketin ətrafında 800 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib", - məlumatda qeyd olunub.
Ümumilikdə, ANAMA tərəfindən yanvarın 1-dən martın 30-dək Ağdam, Ağcabədi, Ağstafa, Abşeron, Beyləqan, Füzuli, Tərtər, Qazax, Naftalan, Goranboy, Yevlax, Xızı, Şəmkir, İsmayıllı, Lənkəran rayonları, Bakı, Gəncə və Sumqayıt şəhərləri ərazisində 9 ev və həyətyanı sahəyə, 3 əkin sahəsinə, 1 fərdi yaşayış evinin qarşısına, 1 ferma ərazisinə, 8 otlaq sahəsinə, su kanalına, kənd qəbirstanlığının yaxınlığına, məişət tullantıları ərazisinə, yol kənarına, RPŞ-nin inzibati ərazisinə, hərbi hissənin yaxınlığına, Yuxarı Qarabağ kanalına, beton zavod və bazar ərazisinə baxış keçirilib, 2 398 ədəd partlamamış hərbi sursat, 2 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 30 615 kv.m ərazi yoxlanılıb.