Vəkil Ağalar Ağaşirinov: "Azərbaycanda peşəkar vəkil çoxdur"

Vəkil Ağalar Ağaşirinov: "Azərbaycanda peşəkar vəkil çoxdur" Bakı. 3 sentyabr. REPORT.AZ/ Report Aslan İsmayılov və partnyorları vəkil bürosunun keçmiş rəhbəri, vəkil Ağalar Ağaşirinovun müsahibəsini təqdim edir:
Hadisə
3 Sentyabr , 2018 17:50
Vəkil Ağalar Ağaşirinov: Azərbaycanda peşəkar vəkil çoxdur

Bakı. 3 sentyabr. REPORT.AZ/ "Report" "Aslan İsmayılov və partnyorları" vəkil bürosunun keçmiş rəhbəri, vəkil Ağalar Ağaşirinovun müsahibəsini təqdim edir:

 - Ağalar müəllim, müsahibə verməyə vaxt tapdığınız üçün Sizə öz minnətdarlığımızı bildiririk və uzunillik vəkillik təcrübəsinə malik şəxs olaraq Azərbaycan vəkilliyinin bu gününü necə qiymətləndirməyiniz barədə fikirlərinizi qısaca şəkildə bizimlə bölüşməyinizi istərdik.

- Son vaxtlar vəkil peşəsinin Azərbyacanda da “dəbdə” olan peşələr sırasına daxil olması məni, 20 ilik təcrübəsi olan - bu şərəfli peşə sahibini sevindirməyə bilməz. Buna səbəblər kimi vəkillik sahəsində həyata keçirilən uğurlu islahatlar, ölkə başçısının “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı, Vəkillər Kollegiyasının yeni rəhbərliyinin vəkillik təsisatının güclü və nüfuzlu olması sahəsində məqsədyönlü və təqdirəlayiq işlərini göstərmək olar. Çoxsaylı gənc hüquqşünasların gələcək peşələrini seçərkən Vəkillər Kollegiyasının üzvü olmaq, vəkillik peşəsinə yiyələnmək arzusu təssadüfi deyildir. Qısa müddətdə Vəkillər Kollegiyasının üzvlərinin sayı iki dəfə artaraq 1500 nəfər olmuşdur. Bunu görməmək haqsızlıq olardı.

- Sizcə, çağdaş dövrün vəkili kimidir, o, hansı arsenala malik olmalıdır?

- Vəkil peşəsi coxları üçün cəlbedici, maraqlı görünsə də, ali hüquqi təhsilə malik şəxsin öz üzərində daimi işləməsi, yeni qanunvericiliyin öyrənilməsi, problemlərin və məsələlərin hüquqi aspektlərinin dərk edilməsi, onların təhlil edilməsi bacarıqlarının “itilənməsi”ndə ağır zəhmət və uzun zaman tələb edir. Vəkilin istedadı bayağı qərarlardan istifadə etməklə deyil, çətin hallarda düzgün və uğurlu qərarlar qəbul etməklə müəyyən olunur. Peşəkar vəkil çıxış etmək, tədqiq etmək, mürəkkəb işlərdə uğur gətirən qərarlar qəbul etmək, insanlarla münasibətlər yaratmaq, vəkil sirrini qorumaq, problemləri olan şəxslərə yüksək keyfiyətli hüquqi yardım etmək kimi bacarıqlara malik olmalıdır. Qeyd olunan bacarıqlarla yanaşı, vəkildə əsas məsuliyyət hissinin olmasıdır. Vəkillik xidməti göstərilərkən vəkil öz üzərinə nəinki işin taleyini həll etmək öhdəliyini götürür, o, demək olar ki, bəzi hallarda hüquqi yardım göstərməklə insanın taleyini həll etmək kimi mühüm mənəvi öhdəliklərin həllinə çalışmalı olur.

- Bəzən yerli mətbuatda, sosial şəbəkələrdə “Azərbaycanda peşəkar vəkil yoxdur” kimi fikirlərin səsləndirildiyini eşidirik. Bu fikir münasibətinizi bilmək istərdik.

- Əvvəla, haşiyədən kənara çıxaraq qeyd edim ki, vəkillik fəaliyyətini tənzimləyən qanunvericilik vəkillik fəaliyyətini qeyri-sahibkarlıq fəaliyyəti kimi qiymətləndirir. Sahibkarlıq fəaliyyətinə bu cür münasibət vəkilin vaxtının öz peşə fəaliyyətinə daha səmərəli şəkildə sərf edilməsindən daha çox onun müstəqil olmasına işarə edir. Vəkil müstəqil olduqda kənar təzyiqlər qarşısında möhkəm dayanar, düzgün qərarların qəbulunda daha qətiyyətli olar. Bu mənada vəkilin peşəkarlığını şərtləndirən əsas amillərdən biri kimi onun müstəqilliyi mühüm atribut olaraq dəyərləndirilməlidir. Bəli, hərdən mətbuatda Azərbaycanda “peşəkar vəkil yoxdur” kimi haqsız fikirlər səslənir. Mən qəti şəkildə bu fikirə qarşıyam. Yuxarıda sadaladığım keyfiyyətlərə malik vəkillər Azərbaycanda çoxdur və bu faktı inkar etmək mənasızdır. Sevindirici hal ondadır ki, son 8 ay müddətində Vəkillər Kollegiyasının rəhbərliyinin həyata keçirdiyi ardıcıl tədbirlər Azərbaycanda vəkillik təsisatının daha da güclü və nüfuzlu olacağına böyük inam yaratmışdır. Bu mənada, fürsətdən istifadə edib başda Vəkillər Kollegiyasının sədri cənab Anar Bağırov olmaqla, Vəkillər Kollegiyasının Rəyasət Heyətinə və Vəkillər Kollegiyasının bütün üzvlərinə öz fəaliyyətlərində yeni uğurlar arzu edirəm.

Son xəbərlər

Orphus sistemi