Vahid Məhkəmə Portalında yaranan problem aradan qaldırılıb

Vahid Məhkəmə Portalında yaranan problem aradan qaldırılıb Azərbaycanın Vahid Məhkəmə Portalının saytında yaranan texniki problem aradan qaldırılıb.
Hadisə
10 İyun , 2019 15:58
Vahid Məhkəmə Portalında yaranan problem aradan qaldırılıb

Azərbaycanın Vahid Məhkəmə Portalının saytında yaranan texniki problem aradan qaldırılıb.

"Report" xəbər verir ki, son günlərdə portalın courts.gov.az internet ünvanı ilə məhkəmələrin saytlarına giriş, elektron axtarış sistemi, e-məhkəmə və digər bölmələrə keçid mümkün olmurdu. Problemin hansı səbəbdən yaranması və nə vaxt aradan qaldırılacağı barədə isə ictimaiyyətə heç bir məlumat verilmirdi.

Artıq bölmələrə keçidlə bağlı texniki problem həllini tapıb.

Vahid Məhkəmə Portalında məhkəmələr, hakimlər, baxılan işlər, proseslərin vaxtı, çıxarılan qərar və hökmlər barədə elektron qaydada məlumat əldə etmək, məhkəmə sistemi ilə bağlı qanunvericiliklə tanış olmaq, həmçinin elektron məhkəmə sistemindən istifadə etmək mümkündür.

Qeyd edək ki, "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli fərmanında Məhkəmə-Hüquq Şurasına məhkəmə qərarlarının elektron qaydada dərc edilməsi tövsiyə edilib. Həmçinin Ədliyyə Nazirliyinə tapşırılıb ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə əlaqədar təşkilati işlərin yekunlaşdırılmasını təmin etsin, fiziki və hüquqi şəxslərin “Elektron məhkəmə” informasiya sistemindən istifadəsinin təşviqi üçün tədbirlər görsün, məhkəmələrin və digər orqanların qərarlarının qanunla müəyyən edilmiş müddətdə icrasının təmin edilməsi, “Elektron icra” informasiya sisteminin tətbiqinin genişləndirilməsi, icra məmurlarının süründürməçilik və sui-istifadə hallarına yol vermələrinin qarşısının alınması məqsədilə ciddi tədbirlər görsün.

Son xəbərlər

Orphus sistemi