Kiyevdə 16 mərtəbəli binada baş vermiş partlayış nəticəsində 3 nəfər ölüb, 5 nəfər xəsarət alıb, daha 20 nəfər isə xilas edilib.
Bunu Kiyev hərbi administrasiyasının sözçüsü Mixail Şamanov "Report"un Şərqi Avropa bürosuna bildirib.
Onun sözlərinə görə, xilas edilən şəxslərə psixoloji-tibbi yardım göstərilib:
"Təxliyə edilən şəxslər üçün müvəqqəti yaşayış yerləri təşkil edilib. Binanın bir neçə mərtəbəsində 4 mənzil dağılıb. 250 kv.m-lik sahədə yanğın baş verib. Səhər saat 8 radələrində yanğın aradan qaldırılıb. Partlayışın fəsadlarının aradan qaldırılmasına xilasedicilər və 19 texnika cəlb edilib. Hadisə yerində polis, xilasedicilər, tibb içkiləri və psixoloqlar və digər xidmətlər işləyirlər. Partlayışın səbəbləri araşdırılır. İlkin versiyalardan biri kimi qaz sızması göstərilir", - deyə, o, əlavə edib.
Qeyd edək ki, Ukraynanın paytaxtı Kiyevdə bu gün səhər saatlarında güclü partlayış baş verib. Paytaxtın Dneprovsk rayonu ərazisində yaşayış binasında baş verən partlayış güclü dağıntılara səbəb olub. Binanın yarıdan çox evləri yararsız hala düşüb. Partlayış ötən gecə Ukrayna paytaxtında növbəti hava həyəcanı siqnalının ardınca baş versə də, ilkin səbəb olaraq qaz partlayışı göstərilir.
Əməkdaşımız hadisə yerindən fotoreportaj hazırlayıb. Qeyd edək ki, gün ərzində partlayış olan ərazidə axtarış davam edir.