Tokayev: Təyyarə qəzasının nəticələrinin aradan qaldırılmasında fərqlənənlər mükafatlandırılacaq

Tokayev: Təyyarə qəzasının nəticələrinin aradan qaldırılmasında fərqlənənlər mükafatlandırılacaq Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aktau yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı müşavirə keçirib.
Hadisə
28 dekabr 2024 08:25
Tokayev: Təyyarə qəzasının nəticələrinin aradan qaldırılmasında fərqlənənlər mükafatlandırılacaq
Kasım-Jomart Tokayev

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aktau yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı müşavirə keçirib.

“Report” xəbər verir ki, bu barədə Qazaxıstan KİV-ləri məlumat yayıb.

Prezident həlak olanların ailələrinə və yaxınlarına bir daha başsağlığı verib. O, bir neçə gün bundan əvvəl Mangistau vilayətində təyyarə qəzası nəticəsində həlak olanlar arasında Qazaxıstan vətəndaşlarının da olduğunu xatırladıb.

Tokayev qəza zamanı təcili yardım xidmətlərinin əlaqəli və operativ şəkildə fəaliyyət göstərdiyini vurğulayıb.

"Biz qəzanın daha ciddi nəticələrinin qarşısını ala və çox sayda insan həyatını xilas edə bildik. Xilasetmə işləri yüksək səviyyədə aparılıb. İctimaiyyətə hadisə barədə hərtərəfli məlumat vaxtında verilib. Vətəndaşlarımız həmrəylik, səmimi mərhəmət və mütəşəkkillik nümayiş etdirərək zərərçəkənlərə ilk dəqiqələrdən yardım əli uzadıblar. İnsanlar qan vermək üçün növbəyə durublar.

Bir çox həmvətənlərimiz Azərbaycan səfirliyinin binası qarşısına gül dəstələri qoyublar. Bu reaksiya həm yerli, həm də xarici kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb. Bütün dünya xilasedicilərimizin, həkimlərimizin və könüllülərimizin fədakar işinin şahidi olub. Qonşu dost ölkələrin - Azərbaycan, Rusiya və Qırğızıstan vətəndaşları xüsusi təşəkkürlərini bildirirlər", - Qazaxıstan Prezidenti qeyd edib.

O, hökumətə təyyarə qəzasının nəticələrinin aradan qaldırılması zamanı cəsarət və yüksək peşəkarlıq nümayiş etdirən vətəndaşların dövlət mükafatlarına təqdim edilməsi barədə tapşırıq verib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfəri Azərbaycan, 8 nəfəri Rusiya, 3 nəfəri Qırğızıstan vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti hələ ki müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, 2 ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib.

Qeyd edək ki, hadisədən sonra dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Eyni zamanda Prezident İlham Əliyev dekabrın 26-nın Azərbaycanda matəm günü elan olunması barədə sərəncam imzalayıb.

Son xəbərlər

Orphus sistemi