Tərtər çayı sahilində tank əleyhinə minalar tapıldı
- 18 aprel, 2020
- 20:57
Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tərtər rayonu, Tərtər çayının sahilində 2 ədəd minanın tapılması barədə məlumat daxil olub.
ANAMA-dan "Report"a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Tərtər rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Tərtər rayon Mərkəzi Xəstəxanasının əməkdaşları əraziyə göndərilib və birlikdə baxış keçirilib.
Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd təlim məqsədli tank əleyhinə mina (TM-62M) aşkar olunub, götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Minaların ətrafında 150 kv.m əraziyə yerüstü, 30 kv.m əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.