Terrorçuluqda təqsirləndirilən ermənilərə hökm oxunub

Terrorçuluqda təqsirləndirilən ermənilərə hökm oxunub Sabunçu Rayon Məhkəməsinin inzibati binasında terrorçuluqda təqsirləndirilən Ermənistan vətəndaşları - Sarqsyan İşxan Aşotinə və Rafaelyan Vladimir Otarinə hökm oxunub.
Hadisə
5 Mart , 2022 13:12
Terrorçuluqda təqsirləndirilən ermənilərə hökm oxunub

Sabunçu Rayon Məhkəməsinin inzibati binasında terrorçuluqda təqsirləndirilən Ermənistan vətəndaşları - Sarqsyan İşxan Aşotin və Rafaelyan Vladimir Otarinə hökm oxunub.

"Report"un xəbərinə görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, İ.Sarqsyan 19 il və V.Rafelyan isə 18 il müddətinə azadlıqdan məhrum olunub.

İttihama görə, Ermənistan Müdafiə Nazirliyinin xüsusi təyinatlı kəşfiyyat hərbi hissəsində qrup komandiri İ.Sarqsyan və mühəndis istehkamçı qismində hərbi xidmət keçən V.Rafaelyan 7 may 2021-ci il tarixdə, saat 3 radələrində Azərbaycanın dövlət sərhədini Kəlbəcər rayonu istiqamətində təkrarən qanunsuz olaraq keçib.

Daha sonra həmin şəxslər Azərbaycanın Müdafiə Nazirliyinin həmin ərazidə dislokasiya olunan bölmələrinin və digər təyinatlı məntəqələrin Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi ərazisindən keçən təminat və digər keçid yollarında minalanma işlərini həyata keçirib.

Qeyd olunan şəxslərin həmin cinayət əməllərini törətmələri müəyyən edilərək cinayət başında yaxalanıb, Azərbaycan ərazisinə keçirilməsini təşkil etdikləri “TM 62-M” və “E-00-M” tipli ümumilikdə 23 ədəd mina aşkar edilərək götürülüb.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan cinayət işi üzrə hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228-ci (Qanunsuz silah əldə etmə), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə), 282-ci (Təxribat) maddələri ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi