Sosial şəbəkələrdə Bakı Metropolitenində terror aktının törədiləcəyi ilə bağlı yayılmış və vətəndaşlar arasında ciddi narahatlığa səbəb olmuş səs yazısı barədə dərhal Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
"Report" xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mətbuat xidməti məlumat yayıb.
Faktla bağlı başlanılmış cinayət işi üzrə aparılan ibtidai araşdırma zamanı müvafiq səs yazısının Azərbaycan Respublikasının vətəndaşı, 2001-ci il təvəllüdlü Butayev Fərid Fərhad oğluna məxsus olduğu və sözügedən materialın həmin şəxs tərəfindən “WhatsApp” tətbiqi vasitəsilə paylaşıldığı müəyyən edilib.
Fərid Butayev saxlanılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.
Əhali arasında vahimə yaratmaq məqsədi güdən analoji əməllərin qanunla müəyyən olunmuş qaydada ciddi hüquqi məsuliyyət yaratdığı barədə bir daha xəbərdarlıq edilir.