Yuxarı
    Bağlamaq

    Sosial şəbəkələr vasitəsilə quldurluq edən şəxslərin məhkəməsində müstəntiq dindiriləcək

    Məhkəmənin növbəti iclası oktyabrın 27-nə təyin edilib

    Bakı. 23 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən İsmayıl Meybullayev, Rəhim Rəhimov, Elnur Balakişiyev, Rakif Xəlilov, Asiman Məmmədov və Arifə Musayevanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

    "Report"un məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxlər və onların müdafiəçiləri cinayət işinin istintaqını aparmış Səbail Rayon Polis İdarəsinin müstəntiqi, polis kapitanı Hənifə Bayramzadənin məhkəməyə dəvət edilməsi barədə vəsatət veriblər. 

    Onlar bildiriblər ki, müstəntiq məhkəmədə dindirilməlidir.

    Məhkəmə onların vəsatətini təmin edib, növbəti məhkəmə iclasında müstəntiq H.Bayramazadə ifadə verəcək.

    Məhkəmənin növbəti iclası oktyabrın 27-nə təyin edilib.

    Qeyd edək ki, adıçəkilən şəxslər sosial şəbəkələr vasitəsi ilə gəncləri Bakıda kafeyə çağırıb, onları külli miqdarda hesab ödəməyə məcbur ediblər.

    Vətəndaşların müraciətlərindən sonra ötən ilin may ayında Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başladılıb. İstintaq əməliyyatları nəticəsində dəstə üzvləri - Salyan rayon sakini, əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü R.Xəlilov, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü İ.Meybullayev, Yevlax rayon sakini, 1986-cı il təvəllüdlü R.Rəhimov, Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü E.Balakişiyev, Naxçıvan MR sakini, 1989-cu il təvəllüdlü A.Məmmədov və yetkinlik yaşına çatmayan, yəni 2000-ci il təvəllüdlü, Salyan rayon sakini A.Musayeva tutulub. A.Musayeva barəsində polisin nəzarətinə verilmə qərarı çıxarılıb, digər şəxslər isə həbs edilib.

    Məhkəmənin hazırlıq iclasında isə A.Musayevanın daha əvvəl prosesinə gəlmədiyi əsas götürülərək, barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi