“SOCAR AQŞ”nin dəstəyi ilə Massaçusets Texnologiya İnstitutu Azərbaycanda Fond təsis edib

“SOCAR AQŞ”nin dəstəyi ilə Massaçusets Texnologiya İnstitutu Azərbaycanda Fond təsis edib Bakı. 3 may. REPORT.AZ/ “SOCAR AQŞ” MMC dünyanın aparıcı universitetlərindən biri olan Massaçusets Texnologiya İnstitutu (MİT) ilə birgə MİT-Azərbaycan Fondunun yaradılmasına dair razılaşma imzalayıb.
Hadisə
3 May , 2018 11:47
“SOCAR AQŞ”nin dəstəyi ilə Massaçusets Texnologiya İnstitutu Azərbaycanda Fond təsis edib

Bakı. 3 may. REPORT.AZ/ “SOCAR AQŞ” MMC dünyanın aparıcı universitetlərindən biri olan Massaçusets Texnologiya İnstitutu (MİT) ilə birgə MİT-Azərbaycan Fondunun yaradılmasına dair razılaşma imzalayıb.

“Report” xəbər verir ki, layihənin əsas məqsədi mobil/veb tətbiqinə əsaslanan startap (yeni texnologiya və innovativ ideyalara əsaslanan yeni şirkətlərin təsis olunması) və özəl sahibkarlığın inkişafına töhfə vermək, tələbələr üçün sahibkarlıq və kompüter proqramlaşdırma sahələri üzrə intensiv kurslar təşkil etməkdir. Bu məqsədlə MİT-Azərbaycan Fondu Massaçusets Texnologiya İnstitutunun Beynəlxalq Elm və Texnologiya Təşəbbüsləri (MISTI) Proqramı çərçivəsində Azərbaycanda Qlobal Startap Laboratoriyasının yaradılmasını və fəaliyyətini dəstəkləyəcək. Sazişi MİT-nin maliyyə məsələləri üzrə vitse-prezidenti İsrael Ruiz və “SOCAR AQŞ” MMC-nin baş direktoru Ramin İsayev imzalayıblar.

İlk MİT-Azərbaycan Qlobal Startap Laboratoriyası 2018-ci ilin yayında ADA Universitetində təşkil olunacaq. Proqramın ADA Universitetində təşkil edilməsi ilə bağlı qərar MIT nümayəndəsinin 2017-ci ildə Bakıya səfəri zamanı ali təhsil müəssisələri arasında apardığı qiymətləndirmə missiyası əsasında müəyyənləşdirilib. İştirakçıların seçim prosesi MİT-nin müsabiqə komissiyası tərəfindən həyata keçiriləcək. Müsabiqədən uğurla keçən gənclərə startap biznesinin təsis edilməsi ilə bağlı dəstək veriləcək. Gənc ideya müəllifləri investorlar, Startap və İnkişaf Mərkəzlərinin nümayəndələri və Azərbaycanın startap ekosisteminin aparıcı qurumları ilə görüşəcək. Məzunlar MİT-nin qlobal startap və ideya müsabiqələrində iştirak edə biləcəklər. Bununla da Qlobal Startap Laboratoriyası gənc sahibkarların qlobal maliyyə, innovasiya və startap ekosistemlərinə çıxış imkanlarını genişləndirəcək.

İmzalanma mərasimində iştirak edən Massaçusets Texnologiya İnstitutunun Beynəlxalq Elm və Texnologiya Təşəbbüsləri (MISTI) proqramının Avrasiya üzrə Fakültə rəhbəri, Prof. Elizabet Vud bildirib ki, MİT dünyada innovativ texnologiya və sahibkarlıq təşəbbüslərinin genişləndirilməsində mühüm rol oynamaqdan qurür duyur: “MİT-Azərbaycan Qlobal Startap Laboratoriyası vasitəsilə biz, ən yaxşı təcrübə və müasir yanaşmaları tətbiq etmək, Azərbaycanın startap və innovasiya ekosistemlərinin inkişafına təkan vermək niyyətindəyik”.

ADA Universitetinin rektoru, Dr. Hafiz Paşayev qeyd edib ki, MİT və “SOCAR AQŞ” MMC arasında təşəkkül tapan bu mühüm əməkdaşlıq sayəsində ADA Universitetinin İnnovasiyalar Mərkəzi öz startap və innovasiya imkanlarını əhəmiyyətli şəkildə təkmilləşdirə biləcək. Rektor bildirib ki, bu əməkdaşlıq ölkənin startap ekosisteminin inkişafı üçün çox mühüm töhfədir.

“SOCAR AQŞ” MMC-nin Baş direktoru Ramin İsayev deyib ki, Azərbaycanın gənc və böyük sahibkarlıq potensialına malik əhalisi var: “Ölkəmizdə innovativ iqtisadiyyat sahələrini gücləndirmək üçün startap ekosisteminin dirçəldilməsinə böyük ehtiyac var. “SOCAR AQŞ” bu istiqamətdə ölkəmizə verdiyi töhfəsi ilə qurur duyur’’.

Layihədə iştirak etmək istəyən tələbələr 29 may 2018-ci il taixinə aşağıdakı veb səhifəyə daxil olaraq rəsmi müraciət etməlidirlər: http://gsl.mit.edu/program/azerbaijan-summer-2018/

Qeyd edək ki, “SOCAR AQŞ” milli qazma müəssisəsi olaraq neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində mövcud imkanların artırılmasına yönəlmiş təşəbbüs və proqramları dəstəkləyir. “SOCAR AQŞ” ali məktəblərin III və IV kurslarında, eləcə də magistr dərəcəsində təhsil alan tələbələr üçün Yay təcrübə Proqramını həyata keçirir, həmçinin neft-qaz ixtisası üzrə təhsil alan tələbər üçün “SOCAR AQŞ” təqaüdü təsis edilib. “SOCAR AQŞ”nin səhmdarları SOCAR və Nobel Oil Services şirkətləridir.

Son xəbərlər

Orphus sistemi