Siyəzəndə baş verən ağır yol qəzası nəticəsində yaralanan 2 nəfər Bakıdakı xəstəxanalardan birinə köçürülüb.
"Report"un Şimal bürosunun məlumatına görə, İftixar Çingiz oğlu Hümbətovun və Səbinə Akif qızı Rəsulovanın vəziyyətləri ağır olduğuna görə onlar paytaxta xəstəxanaya göndəriliblər.
Digər 5 yaralının müalicəsi Siyəzən Regional Diaqnostika Mərkəzində davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Siyəzəndə baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərin kimliyi məlum olub.
"Report"un Şimal bürosunun məlumatına görə, qəza nəticəsində Bakı şəhər sakini İsmayılova Aygün Eldar qızı, Sumqayıt şəhər sakini Vəliyeva Aygün Vidadi qızı və "Opel Astra" markalı avtomobilin sürücüsü, Siyəzən şəhər sakini Hümbətova Qənimət Əlisahib qızı dünyasını dəyişib.
Siyəzəndə baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxslərin kimliyi məlum olub.
"Report"un Şimal bürosunun məlumatına görə, hadisə nəticəsində 1993-cü il təvəllüdlü Xəlilova Çinarə Cavanşir qızı, 1997-ci ildə anadan olmuş Hümbətov İftixar Çingiz oğlu, 1996-cı il təvəllüdlü Abbasova Səbinə Əliyar qızı, 1992-ci il təvəllüdlü Rəsulova Səbinə Akif qızı, 1999-cu ildə anadan olmuş İmanov Kənan Vazi oğlu, 1984-cü il təvəllüdlü Abdullayev Vüqar Məhəmməd oğlu və 1978-ci il təvəllüdlü Mustafayeva Xanım Nemət qızı müxtəlif dərəcəli bədən xəsarəti alıblar.
Qəza nəticəsində ölən və yaralanan şəxslər, Bakı və Sumqayıt səhərindən Siyəzən kəndlərində dərs demək üçün gələn müəllimlər olduqları bildirilir.
Yaralılar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
Siyəzəndə baş verən yol-nəqliyyat hadisəsi zamanı ölənlərin sayı 3-ə çatıb.
TƏBİB-dən "Report"a bildirilib ki, qəzada xəsarət almış 8 nəfər Siyəzən Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib:
"Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hadisə nəticəsində aqonal vəziyyətdə tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilən 1 nəfərin həyatını xilas etmək mümkün olmayıb.
Hadisə nəticəsində müxtəlif növ bədən xəsarətləri alan 2 nəfərin (vəziyyətləri ağır qiymətləndirilir) müalicəsi Reanimasiya şöbəsində, 5 nəfərin (vəziyyətləri orta ağır qiymətləndirilir) müalicəsi isə Təcili tibbi yardım bölməsində davam etdirilir".
Siyəzəndə ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 8 nəfər yaralanıb.
Bu barədə "Report"a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Hadisə Bakı-Quba yolunun 99-cu km-də qeydə alınıb. "Mercedes Vita" (mikroavtobus - red.) markalı 77-CY-723 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Quba istiqamətinə hərəkətdə olarkən idarəetməni itirərək əks istiqmətdə hərəkətdə olan "Opel" markalı 50-DL-063 dövlət nömrə nişanlı avtomobillə toqquşub.
Hadisə nəticəsində "Mercedes"də olan sərnişinlərdən 2 nəfər ölüb, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Faktla bağlı araşdırma aparılır.