Silah anbarında baş verən partlayışda xəsarət alan şəxs Bakıya gətirilib - ƏLAVƏ OLUNUB
- 28 avqust, 2017
- 06:02
Xızı. 28 avqust. REPORT.AZ/ Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin utilləşmə üçün hazırlanan silah–sursat anbarında baş verən yanğında xəsarət alaraq Bakıdakı xəstəxanalardan birinə yerləşdirilən sonuncu şəxs də evə buraxlıb.
“Report” xəbər verir ki, partlayışda yaralanan Samir Məmmədyarov müayinə olunub və ona tibbi yardım göstərildikdən sonra göndərilib.
***
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin utilləşmə üçün hazırlanan silah-sursat anbarında baş verən yanğın və partlayışda xəsarət alaraq Siyəzən Regional Müalicə-Diaqnostika Mərkəzinə yerləşdirilən şəxs Bakıya gətirilib.
“Report”un Şimal bürosu xəbər verir ki, partlayışda yaralanan Siyəzən rayon sakini, 1990-cı il təvəllüdlü Məmmədyarov Samir Famil oğlu ötən gecə təcili tibbi yardım maşını ilə paytaxta gətirilib və xəstəxanalardan birinə yerləşdirilib.
S.Məmmədyarovun xəsarətlərinin ağır olmadığı bildirilib. Həkimlər onun vəziyyətini sabit kimi qiymətləndiriblər.
Qeyd edək ki, ötən gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində naməlum səbəbdən baş verən yanğın nəticəsində həmin hərbi hissənin utiləşmə üçün hazırlanan silah-sursat anbarında partlayışlar baş verib. Hadisə nəticəsində 6 nəfər yaralanıb. Onlardan 5-i artıq evə buraxılıb.
Prezident İlham Əliyevin tapşırığına əsasən, hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər, Səhiyyə nazirlikləri, Dövlət Sərhəd Xidməti, Baş Prokurorluq, yerli icra strukturları və digər dövlət orqanlarının nümayəndələrindən ibarət komissiya yaradılıb.
Hadisə ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 223.2 (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 342.2-ci (qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət başlanıb.