Şəkidə yanğınlar olub

Şəkidə yanğınlar olub Şəki rayonunda ev və tövlədə yanğın olub.
Hadisə
3 Sentyabr , 2022 14:26
Şəkidə yanğınlar olub

Şəki rayonunda ev və tövlədə yanğın olub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Şəkinin Baş Zəyzid kəndində, 1990-cı il təvəllüdlü İmran Müslüm oğlu Balammədova məxsus ümumi sahəsi 242 kv.m. olan kürsülü 1 mərtəbəli 5 otaqlı evdə qeydə alınıb.

Yanğın nəticəsində evin yanar konstruksiyaları, bitişik sahəsi 44 kv.m. olan talvarın yanar konstruksiyaları, talvarın altında dayanmış VAZ-2106" markalı, 55-BO-521 dövlət qeydiyyat nişanlı minik avtomobilinin yanar hissələri və yaxınlıqda sahəsi 88 kv.m. olan tövlənin yanar konstruksiyaları, tövlənin damına yığılmış 4 ton ot bağlamasının 2 tonu yanıb.

Yanğın zamanı tövlənin içərisində 6 baş iribuynuzlu heyvan tüstüdən boğularaq tələf olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən avtomobili və şəxsi heyəti cəlb olunub. Yanğınsöndürənləri səyi nəticəsində yaxınlığdaki tikililər mühafizə olunub.

Bundan başqa, rayonun Baş Zəyzid kəndinə qonşu olan Vərəzət kəndində, 1963-cü il təvəllüdlü Əkram İnamalı oğlu Əliyevə məxsus ümumi sahəsi 90 kv.m. olan tövlənin yanar konstruksiyaları və damına yığılmış 5 ton ot bağlamasının 4 tonu yanıb.

Yanğın zamanı tövlənin içərisində 2 baş iribuynuzlu heyvan tüstüdən boğularaq tələf olub.

Yanğın baş verən əraziyə FHN-in Şəki Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub, yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Məlumata görə, hər iki hadisəni ev sahibi İmran Balammədovun xalası oğlu tərəfindən törədildiyi ehtimal olunur.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi