Yuxarı

Səfər Əbiyevin müavininin məhkəməsində vəkil çıxış edib

Müdafiə Nazirliyinin iddiasına görə Mehman Səlimov 1 milyon 205 min manat məbləğində ziyan vurub

Bakı. 15 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq müdafiə naziri Səfər Əbiyevin müavini olmuş Mehman Səlimovun cinayət işi üzrə məhkəməsinin növbəti iclası keçirilib.

"Report"un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin müdafiəçisi çıxış edib.

Vəkil deyib ki, Müdafiə Nazirliyinin iddiasına görə, M.Səlimov nazirliyə 1 milyon 205 min manat məbləğində ziyan vurub: "Lakin istintaq zamanı həmin məbləğlər sübuta yetirilməyib və burada ziddiyyətlər var. Məhkəmədən Mehman Səlimova bəraət hökmü çıxarmağınızı istərdik. Həmçinin Mehman Səlimovda hipertoniya xəstəliyinin olmasını da nəzərə almağınızı xahiş edirəm. Bundan başqa, müvəkkilim müharibə veteranıdır. Əminik ki, məhkəmə düzgün qərar verəcək".

M.Səlimov növbəti prosesdə son sözlə çıxış edəcək.

Məhkəmənin növbəti iclası aprelin 22-nə təyin edilib.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı çıxışında M.Səlimovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Mehman Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur. M.Səlimov 1995-1999-cu illərdə Azərbaycan müdafiə naziri Səfər Əbiyevin siyasi və ictimai işlər üzrə müavini olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi