İsmayıllı və Şabranda baş verən yanğınlar söndürülüb - YENİLƏNİB-2

İsmayıllı və Şabranda baş verən yanğınlar söndürülüb - YENİLƏNİB-2 Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Şabran rayonunun Çuxurəzəmi kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.
Hadisə
31 Avqust , 2022 13:43
İsmayıllı və Şabranda baş verən yanğınlar söndürülüb - YENİLƏNİB-2

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülmüş tədbirlər sayəsində Şabran rayonunun Çuxurəzəmi kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə baş vermiş yanğın söndürülüb.

Bu barədə "Report"a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Yanğın nəticəsində təxminən 3 hektar sahədə əsasən kol-kos və qurumuş ağaclar yanıb. Sıx meşəlik ərazi yanğından mühafizə edilib.

Yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin qüvvələri, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzi və yerli icra hakimiyyətinin əməkdaşları iştirak edib.

Həmçinin, İsmayıllı rayonunun Şəbiyan kəndi yaxınlığındakı dağlıq-qayalıq ərazidə baş vermiş yanğın da qısa müddətdə söndürülüb. Yanğın nəticəsində təxminən 8 hektar sahədə kol-kos yanıb. Ətraf ərazilər yanğından mühafizə edilib. Yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən söndürülüb.

13.06

İsmayıllıda  baş verən yanğın söndürülüb, Şabranda isə məhdudlaşdırılıb.

Bunu "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova deyib.

O bildirib ki, avqustun 30-da İsmayıllı rayonunun Keyvəndi və Şəbiyan kəndlərinin bələdiyyə ərazisində başlayan yanğının söndürülməsi məqsədilə ETSN-in bütün yerli qurumlarının və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları əraziyə səfərbər olunublar. 

O qeyd edib ki, artıq yanğın söndürülüb və meşəyə keçməsinin qarşısı alınıb.

Nazirlik rəsmisi onu da deyib ki, dünən Şabran rayonunun Çuxurəzəmi kəndi yaxınlığında, dağlıq ərazidə baş vermiş yanğın ETSN-in yerli qurumlarının 50-yə yaxın əməkdaşı və FHN-in yanğından mühafizə qüvvələri tərəfindən məhdudlaşdırılıb.

Hazırda ərazidə soyutma işləri aparılır.

10.21

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Şabran rayonunun Çuxurəzəmi kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.

Bu barədə "Report"a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Bundan əlavə, Zaqatala rayonunun Yuxarı Tala kəndi yaxınlığında mürəkkəb relyefli ərazidəki yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi