Sabir Şahtaxtının “Azadlıq nəğməsi” adlı romanı Ankarada nəşr olunub

Sabir Şahtaxtının “Azadlıq nəğməsi” adlı romanı Ankarada nəşr olunub TÜRKSOY və Avrasiya Yazarlar Birliyi Ankarada azərbaycanlı yazıçının əsərini eyni vaxta nəşr edib.
Hadisə
4 İyul , 2019 16:06
Sabir Şahtaxtının “Azadlıq nəğməsi” adlı romanı Ankarada nəşr olunub

TÜRKSOY və Avrasiya Yazarlar Birliyi Ankarada azərbaycanlı yazıçının əsərini eyni vaxta nəşr edib. 

"Report"un Türkiyə bürosu xəbər verir ki, AZƏRTAC-ın Türkiyə bürosunun rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtının “Azadlıq nəğməsi” (Azatlık türküsü) siyasi-tarixi romanı Ankarada nəşr olunub.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) yazıçının 50 illik yubileyi münasibəti ilə çap etdiyi əsər paralel olaraq Avrasiya Yazarlar Birliyi (AYB) tərəfindən də nəşr olunub.

Əsərin türk dili versiyasının ön söz müəllifi görkəmli alim, professor Aygün Əttar, tərcüməçisi tanınmış yazıçı-publisist Mətin Yıldırımdır. 

Professor Aygün Attar yazır ki, böyük ədib Halide Edip Adıvar Anadolu Türklüyünün milli azadlıq mübarizəsimni hansı ustalıqla oxucuya çatdırırsa, Sabir Şahtaxtı da eyni yazı üslub və incəliklə Azərbaycan xalqının yaşadıqlarını təsvir edir.

Şahvə və Şölə adlı obrazların həyat yolunu qələmə alan müəllif Azərbaycan xalqının azadlıq istəyinin ölməzliyini oxucuya çatdırmağa nail olub. Şölənin ailəsində yaşanan bütün faciələrin səbəbkarı ermənilərin Dağlıq Qarabağa olan əsassız ərazi iddiasıdır. Bu ailədə yaşananlar Azərbaycanın müstəqilliyi uğrunda ağrılar yaşayan, şəhid verən bütün ailələrin həyat dramları, ailə acısı kimi təsvir edilir. 

Müəllif XX əsrdə yaşadığımız ictimai-siyasi proseslərə peşəkarlıqla nəzər salır, torpaqlarımızın bir hissəsinin işğal edilməsini, habelə Naxçıvanın işğal təhlükəsindən xilasını, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ötən əsrin sonundakı tarixi xilaskarlıq missiyasını real hadisələrin fonunda təsvir edir.

Şahvə yanvarın 20-də, Şölə isə fevralın 26-da doğulublar. Hər iki gəncin ən böyük arzusu ad günlərini qeyd etmək olsa da, xalqımızın taleyindəki 20 Yanvar faciəsi və Xocalı soyqırımı onların bu istəyini ürəklərində qoyur. Müəllif böyük ədəbi ustalıqla Azərbaycan tarixindəki digər qanlı günləri də bu ailənin həyatı vasitəsilə oxucuya çatdırır və nəhayət, 28 may- Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günü münasibəti ilə oxucuya xoş anlar yaşadır...

Xatırladaq ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə ithaf olaraq qələmə alınan “Azadlıq nəğməsi” romanı filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Sona Vəliyevanın məsləhətçiliyi ilə 2018-ci ildə Bakıda nəşr olunub. Əsər görkəmli tərcüməçi, yazıçı-publisist Əkbər Əlyar Həmidinin tərcüməsi ilə İranda fars dilində və ərəb qrafikalı Azərbaycan əlifbası ilə nəşrə hazırlanır.

Vüsalə Abbasova 

Son xəbərlər

Orphus sistemi