Sabiq nazir müavininin qohumunun məhkəməsində şahidlər ifadə verib

Sabiq nazir müavininin qohumunun məhkəməsində şahidlər ifadə verib Məhkəmənin növbəti iclası sentyabrın 22-nə təyin edilib
Hadisə
15 Sentyabr , 2017 12:49
Sabiq nazir müavininin qohumunun məhkəməsində şahidlər ifadə verib

Bakı. 15 sentaybr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Emil Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Elşad Yusibov ifadə verib.

O, təqsirləndirilən E.Hüseynovu tanıdığını deyib: "Elnar Əsgərov Elnurla məni işlə bağlı Moskvaya göndərdi və getdik. Moskvada Səbuhi adlı bir şəxslə görüşdük, söhbət etdik. Səbuhinin Eminə borcu vardı. O, pul verməli idi. Təqribən söhbət milyonlardan gedirdi. Tam olaraq, eşitmədim söhbəti. Elnarın xahişi ilə getmişəm Moskvaya".

O, 2017-ci ilin əvvəlində Elnar Əsgərovun yanında işlədiyini söyləyib.

Daha sonra şahid qismində Elmar Sadıqov dindirilib. O, təqsirləndirilən E.Hüseynovu yaşadığı ərazidən tanıdığını deyib: "Bu işdə zərərçəkmiş Namiq müəllim mənim qaynatamdır. 2014-cü ildə məndən 27 min manat borca pul alıb. Demişdi ki, Emil Hüseynovla iş quracaqdı. Qaynatam hələ də pulumu qaytarmayıb".

Məhkəmənin növbəti iclası sentyabrın 22-nə təyin edilib.

Qeyd edək ki, E.Hüseynov vətəndaş Tural Hüseynovun etibarından sui-istifadə edərək, ondan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar və Mərziyyə Rzayevadan isə 19 500 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Həmin şəxslərin hüquq-mühafizə orqanlarına şikayətindən sonra cinayət işi başlanılıb. Cinayət materiallarına əsasən, E.Hüseynov Gürcüstan Respublikasından izolyasiya və digər materiallar gətirmək adı ilə həmin vətəndaşları aldadıb.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.

Barəsində həbs qətimkan tədbiri seçilən E.Hüseynov məhkəməyə müraciət edib. O, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib. Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin edilib, E.Hüseynovun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, E.Hüseynov sabiq nəqliyyat nazirinin müavini Arif Əsgərovun baldızı oğludur.

Son xəbərlər

Orphus sistemi