Qusarda keçmiş məhkumu boğaraq öldürən şəxs: "İçkili idim, onu iplə boğdum"

Qusarda keçmiş məhkumu boğaraq öldürən şəxs: "İçkili idim, onu iplə boğdum" Məhkəmənin növbəti iclası noyabrın 18-nə təyin olunub
Hadisə
11 Noyabr , 2016 17:39
Qusarda keçmiş məhkumu boğaraq öldürən şəxs: İçkili idim, onu iplə boğdum

Bakı. 11 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qusar rayonunda münaqişə zəminində keçmiş məhkumu boğaraq öldürməkdə təqsirləndirilən İmran Bədirovun və Sadiq Əmiraslanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən İ.Bədirov ifadə verib.

O, qətlə yetirdiyi Əzizulla Məmmədovu Qusar şəhərində tanıdığını deyib: "Onunla şəxsi düşmənçiliyim olmayıb. Nə də həmin şəxsi öldürmək niyyətində deyildim. O, məndən həmişə pul tələb edirdi. Qusar rayonunun mərkəzi bazarında yerləşən “Sürücü” kafesində Sadiq və Əzizulla ilə birlikdə yeyib-içdik. Daha sonra kombayn dalınca getmək üçün kafedən çıxdıq. Əzizulla dayanmadan söyüş söyürdü. İçkili olduğum üçün iplə onu boğdum. Hadisənin ertəsi günü onun öldüyünü eşitdik".

S.Əmiraslanov dindirilən zaman qətilə yetirilən şəxsin onlardan əl çəkmədiyini deyib: "Çox sərxoş olmuşdu, ağzının danışığını bilmirdi”.

Məhkəmənin növbəti iclası noyabrın 18-nə təyin olunub.

Qeyd edək ki, hadisə bu ilin iyun ayının 24-də Qusar rayonunun Kuzun-qışlaq kəndində baş verib. Belə ki, Qusar şəhər sakini, əvvəllər məhkum olunan Əzizulla Məmmədovun üzərində zorakılıq əlamətləri olan (boğulma üçün xarakterik) meyiti tapılıb.

Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən rayon sakinləri İ.Bədirov və S.Əmiraslanov tutulublar.

Onlar Cinayət Məcəlləsinin 120.2.1-ci (qəsdən adam öldürmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs) maddəsi ilə ittiham olunurlar.

Son xəbərlər

Orphus sistemi