"Bəzi kütləvi informasiya vasitələrində Quba rayonu Tülər kəndi ərazisində meşə ağaclarının qanunsiz olaraq kəsilərək odun materialı kimi istifadə edilməsi barədə məlumatlar yayılıb".
Bu barədə "Report"a Quba Rayon Prokurorluğundan məlumat verilib.
"Müəyyən edilib ki, Quba rayonu Tülər kənd sakini Yasər Baxışovun işlətdiyi taxta emalı sexinə baxış keçirilən zaman qanunsuz yolla əldə olunan odun materialının aşkar edilməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş material üzrə Quba Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılıb.
Araşdırma zamanı Yasər Baxışovun kənd sakinlərinin həyətlərində kəsdiyi ağacları alması, özünə məxsus torpaq sahəsində olan köhnə ağacları kəsərək yerinə meyvə bağı salması, kəsdiyi ağacları taxta emalı sexində doğrayaraq yeşik taxtası düzəltməsi müəyyən edilib.
Yasər Baxışovun əməlində İnzibati Xətalar Məcəlləsinin 398-ci (qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğulolma) maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətləri olduğu üçün, 27 avqust 2020-ci il tarixdə Quba Rayon Prokuroru tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılmaqla toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Quba Rayon Məhkəməsinə göndərilib", - Prokurorluqdan bildirilib.