Qazaxıstanın Baş naziri Oljas Bektenov ölkə Prezidenti Kasım-Jomart Tokayevə AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasının səbəblərinin hökumət komissiyası tərəfindən araşdırılması və xəsarət alanlara yardım göstərilməsi barədə məlumat verib.
Bu barədə “Report”un Qazaxıstan bürosu hökumətin mətbuat xidmətinə istinadən məlumat yayıb.
"Hadisə yerində xəsarət alanlara tam dəstəyin göstərilməsi üçün tədbirlər görülüb. FHN qüvvələri səfərbər edilib, 430-dan çox şəxsi heyət və 80-ə yaxın texnika cəlb olunub. 29 nəfər xəstəxanaya yerləşdirilib. Xəsarət alanlara zəruri tibbi, psixoloji və digər yardımlar göstərilir. Xilasetmə işləri davam edir", - məlumatda qeyd olunub.
Həmçinin Azərbaycan hökuməti ilə birlikdə xarici vətəndaşlara və həlak olan sərnişinlərin ailələrinə zəruri yardımın göstərildiyi bildirilib.
"Prezident Tokayev zərərçəkən vətəndaşlarla işin xüsusi nəzarətdə saxlanılmasını və qonşu ölkələrin hökumətlərinə lazımi köməkliyin göstərilməsini tapşırıb", - məlumatda vurğulanıb.