Qaydaları pozan koronavirus xəstələri tutulandan sonra harada saxlanılır?

Qaydaları pozan koronavirus xəstələri tutulandan sonra harada saxlanılır? Azərbaycan qanunvericiliyində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasına görə həm inzibati, həm də cinayət məsuliyyəti nəzərdə tutulub.
Hadisə
17 Avqust , 2020 16:25
Qaydaları pozan koronavirus xəstələri tutulandan sonra harada saxlanılır?

Koronavirusa yoluxmuş şəxslər müalicə yerini (xəstəxana, yaxud ev) tərk etdiyi halda cinayət məsuliyyətinə cəlb edilir və onlar yalnız sağaldıqdan sonra barələrində istintaq hərəkətləri aparılır.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov “Report”a bildirib ki, ictimai yerlərə çıxaraq digər şəxslərin həyatına ciddi təhlükə yaradan şəxslər karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları və Daxili Qoşunun hərbi qulluqçuları tərəfindən aşkarlanır və məsuliyyətə cəlb edilirlər.

Bəs xəstəliyə yoluxmuş şəxsin tutulması, barəsində həbs və digər qətimkan tədbirlərinin hansı qaydada həyata keçirilir?

E.Zahidov bildirir ki, xəstəliyə yoluxmuş şəxsin qanunsuz olaraq yaşayıs yerini tərk etməsi müəyyən edilən şəxslər saxlanıldıqdan sonra Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham irəli sürülür.

“Bundan sonra dərhal həmin şəxslər müalicə olunmaq üçün xüsusi xəstəxanalara yerləşdirilir. Onlar tam sağaldıqdan sonra barələrində həbs və digər qətimkan tədbirinin seçilməsi məsələsinə baxılır və prosessual qanunvericilikdə nəzərdə tutulan istintaq hərəkətləri aparılır”.

DİN rəsmisi əlavə edib ki, indiyədək ərazi üzrə polis orqanlarında Cinayət Məcəlləsinin 139-1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə 16 fakt üzrə cinayət işi başlanılıb.

Daxili İşlər Nazirliyi hazırda “COVİD-19” virusundan  müəlicə alan və həkim nəzarətində olan  şəxslərdən özünütəcrid qaydalarına ciddi əməl etmələrini tələb edir.

Xəbərdarlıq edilir ki, bu qaydaları pozan və digərlərinin yoluxmasına şərait yaradan şəxslər qanunvericiliklə nəzərdə tutulan qaydada cinayət məsuliyyətinə cəlb olunacaqlar.

Qeyd edəki ki, Azərbaycan qanunvericiliyində karantin qaydalarını pozmağa görə həm inzibati, həm də cinayət məsuliyyəti nəzərdə tutulub.

Bu əmələ yol verən şəxslər Cinayət Məcəlləsində 139-1-ci maddəsi ilə məsuliyyətə cəlb edilirlər.

Maddənin 1-ci bəndinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda 2 500 manatdan 5 000 manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddənin 2-ci bəndində isə eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olması ilə bağlı məsuliyyət müəyyən edilib.

Bu əmələ görə, 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.

Karantin rejimi qaydalarının pozulmasına görə, vətəndaşlar inzibati məsuliyyətə də cəlb edilirlər.

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinni 1-ci bəndinə əsasən, Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək,  vəzifəli şəxslər 3 000  manatdan 4 000 manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs tətbiq olunur.

Hüquqi şəxslərisə  4 000 manatdan 10 min manatadək məbləğdə cərimə edilir

Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400  manat məbləğində cərimə edilir.

Bu xətalar bir il ərzində təkrar törədilməsinə gör cərimələr iki dəfə artıq məbləğdə tətbiq olunur.

Son xəbərlər

Orphus sistemi