Prokuror Balaxanıda iki qardaşı bıçaqlayan şəxsə cəza istəyib

Prokuror Balaxanıda iki qardaşı bıçaqlayan şəxsə cəza istəyib Bakı. 29 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki qardaşı bıçaqlamaqda təqsirləndirilən Pərvin Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
29 Mart , 2018 14:57
Prokuror Balaxanıda iki qardaşı bıçaqlayan şəxsə cəza istəyib

Bakı. 29 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki qardaşı bıçaqlamaqda təqsirləndirilən Pərvin Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında P.Məmmədovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prosesdə elan edilib ki, zərərçəkmişlərin hər ikisi təqsirləndirilən P.Məmmədovla barışıblar. Onlar məhkəməyə ərizə təqdim edərək şikayət və tələblərinin olmadığını qeyd ediblər.

Daha sonra təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası aprelin 4-nə təyin edilib.

İttiham aktına əsasən, P.Məmmədov bacısının həyat yoldaşı, 1976-cı il təvəllüdlü Sürət Əlixanovu və onun qardaşı Bəhram Əlixanovu bıçaqlayıb.

Qohumlar arasındakı dava Balaxanı qəsəbəsində, Müsavat küçəsində baş verib.

Belə ki, həyətində ördək saxlayan B.Əlixanov işdən qayıdarkən ördəklərdən birinin öldüyünü görüb. Buna görə də həyat yoldaşı ilə mübahisə edib. Hətta xanımına bir neçə sillə də vurub.

Bu məsələdən P.Məmmədov xəbər tutub. Bacısının döyülməsi məsələsinə görə P.Məmmədovla Əlixanov qardaşları arasında mübahisə yaranıb. Daha sonra isə mübahisə davaya çevrilib, onlar əvvəlcə əlbəyaxa olublar. Nəticədə P.Məmmədov qardaşları bıçaqlayıb.

P.Məmmədov məhkəmədə özünü qismən təqsirli bilib. Deyib ki, ona qarşı irəli sürülən maddə ağırdır. O, qəsdən sağlamlığa ağır zərər vursa da, xuliqanlıq niyyəti ilə bu əməli törətmədiyini söyləyib.

P.Məmmədov Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilir.

Son xəbərlər

Orphus sistemi