Yuxarı

Bakıda ​polis əməkdaşlarına atəş açmaqda təqsirləndirilən şəxs Ali Məhkəməyə müraciət edib

Proses qeyri-müəyyən vaxta kimi təxirə salınıb

Bakı. 19 may. REPORT.AZ/ Bakıda polis əməkdaşlarını öldürməyə cəhd etməkdə təqsirləndirilən Elvin Məmmədov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.

“Report”un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin vəkili ilkin qərardan kassasiya şikayəti verib.

Bu səbəbdən proses qeyri-müəyyən vaxta kimi təxirə salınıb. İşə Ali Məhkəmədə baxılacaq.

Qeyd edək ki, 1989-cu il təvəllüdlü E.Məmmədov əvvələr oğurluq etdiyinə görə Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 il müddətinə şərti cəza alıb. Hökmlə razılaşmayan prokurorluq protest verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, onun barəsində seçilmiş şərti cəza həbs qətimkan tədbirinə dəyişdirilib. E.Məmmədovun törətdiyi daha bir cinayət əməli aşkarlanıb.

İttiham aktına əsasən, E.Məmmədov 2015-ci ildə onu tutmaq istəyən Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına atəş açıb və hadisə yerindən qaçıb.

E.Məmmədov Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 29,120.2.3. (qəsdən adam öldürməyə cəhd, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 29,120.2.4-cü (qəsdən adam öldürməyə cəhd, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 29,120.2.7-ci (qəsdən adam öldürməyə cəhd, iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham olunub.

Bu il mart ayının 11-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Məmmədov 17 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumun müdafiəçisi Mehman Əliyev apellyasiya şikayəti verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi