“Ermənistan tərəfindən törədilmiş Xocalı soyqırımı insanlığa qarşı cəzasız qalan cinayətdir”.
Bunu “Report”a açıqlamasında pakistanlı beynəlxalq əlaqələr üzrə analitik Xalid Teymur Əkrəm bildirib.
O söyləyib ki, 1992-ci ildə törədilmiş Xocalı soyqırımı öz qəddarlığına və amansızlığına görə tarixin ən qanlı səhifələrindən biri olaraq qalsa da, onun günahkarları hələ də məsuliyyətə cəlb edilməyib və cəzalandırılmayıb.
“Beynəlxalq ictimaiyyət bu günə qədər bu dəhşəti törədənləri cəzalandırmaq üçün heç bir iş görməyib”, - Xalid Teymur Əkrəm deyib.
O, Ermənistanın eks-prezidenti Serj Sarqsyanın şəxsən ermənilərin Xocalıda törətdikləri qırğından “qürurla” danışdığını xatırladıb.
Pakistanlı analitik vurğulayıb ki, ermənilər Xocalıda törətdikləri ilə kifayətlənməyiblər və bu gün də öz niyyətlərini gizlətmirlər.
"Onlar bu gün də anti-Azərbaycan fəaliyyətlərini davam etdirirlər. 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Ermənistan cəbhə xəttindən uzaqda yerləşən Gəncəni raket atəşinə tutub ki, nəticədə 27 nəfər dinc sakin ölüb, 125 nəfər yaralanıb", - o xatırladıb.