Özünü MTN əməkdaşı kimi təqdim edərək dələduzluq edən qadının məhkəməsində zərərçəkmiş ifədə verib

Hadisə
  • 18 aprel, 2017
  • 10:52
Özünü MTN əməkdaşı kimi təqdim edərək dələduzluq edən qadının məhkəməsində zərərçəkmiş ifədə verib

Bakı. 18 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Aygün Akimova və İlham Baxşıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Elçin Axundzadə ifadə verib.

O bildirib ki, sosial şəbəkədə tanış olduğu Sabrina Vardinaşviliyə 39 min dollar və 11 min manat borc pul verib: "O, mənə borcunu qaytarmadı. Daha sonra Sabrina dedi ki, tanışı Aygün Akimova sayəsində məni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Masallı şöbəsində vəzifəyə təyin edəcəyi vədini verdi. Mən birbaşa Aygün Akimovaya pul verməmişəm. İşim düzəlməyəndə isə pulumu tələb etdim. Aygün özünü MTN polkovniki kimi təqdim edərək, pulu "yuxarılara" verdiyini söylədi.

A.Akimova qeyd edib ki, zərərçəkmiş E.Axundzadən pul almayıb: "Mən Elçini Sabrinanın vasitəsi ilə tanımışam. Elçin sələmə pul verirdi. Sabrina da mənim üçün ondan 10 min manat pul alıb. Bir müddətdən sonra isə 14 min 500 manat pul qaytarmışam".

Daha sonra zərərçəkmiş E.Axundazadə A.Akimovadan həyat yoldaşının adının açıqlamasını istəyib.

A.Akimova isə "bunun sənə dəxli yoxdur" cavabını verərək suala etiraz edib.

E.Axundazadə məhkəmədə söyləyib ki, A.Akimovanın həyat yoldaşı Abdulla müəllimdir ("AMAY Abdulla" kimi tanınan Abdulla Abdullayev).

Zərərçəkmiş qismində Afət Hüseynova dindirilərkən A.Akimovaya ümumilikdə 789 min manat pul verdiyini vurğulayıb: "Özünü MTN əməkdaşı əməkdaşı kimi təqdim etdi. Ondan vəsiqəsinin göstərməsini tələb etdim. Mənə bildirirdi ki, "atam qəbirdən çıxsa da, vəsiqəmi göstərmərəm".

Məhkəmənin növbəti iclası mayın 2-nə təyin edilib.

Qeyd edək ki, A.Akimova özünü sahibkarlara ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) məxfi agenti, vəzifəli şəxs kimi təqdim edərək, onlara 1 milyon manat dəyərində dələduzluq edib. İttiham aktına əsasən, həmin cinayət işində onun İ.Baxşıyevlə əlbir olduğu qeyd edilir.

Onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunurlar.

Xatırladaq ki, AMAY ticarət mərkəzinin sahibi Abdulla Abdulalyev iş üzrə şahid qismində ifadə verib. O, dindirilərkən naxçıvanlı biznesmen A.Akimova ilə evli olmadığını, ancaq onun uşaqlarının doğum şəhadətnaməsində ata adı kimi adının yazıldığını deyib.

Son xəbərlər

Bütün Xəbər Lenti