Bakı. 13 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Osman Məmmədov, Yadigar Dadaşov, Dünyamalı Güləliyev və Fikrət Atakişiyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
"Report"un xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən və zərərçəkmişin anket məlumatları dəqiqləşdirilib.
Dəqiqləşdirmə zaman məlum olub ki, iş üzrə zərərçəkmiş qismində tanınan Aydın Sultanov Qaradağ rayonu ərazisində yerləşən daş karxanasında sahibkardır.
Daha sonra A.Sultanov mülki iddia qaldırdığını deyərək, ərizəsini məhkəməyə təqdim edib. O, dəymiş zərərdən ödənilməmiş 50 min manatı tələb etdiyini söyləyib.
Məhkəmə iddia ərizəsini icraata götürüb.
Prosesdə zərərçəkmiş A.Sultanov əsəb xəstəsi olduğunu və ayın 20-dən sonra müalicə üçün Türkiyəyə gedəcəyini ifadə edib.
Məhkəmənin baxış iclası iyulun 19-na təyin edilib.
Qeyd edək ki, oğurluq hadisəsi bu il martın 21-də Novruz bayramı günü Qaradağ rayon ərazisində baş verib. Həmin şəxslər Qaradağ rayonu ərazisində yerləşən daş karxanasında sahibkar olan Aydın Sultanovun evindən 200 min manat pul və 100 min manat dəyərində qızıl əşyalar oğurlayıblar.
Qaradağ Rayon Polis İdarəsinin (RPİ) 38-ci Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Osman Məmmədov, Yadigar Dadaşov, Dünyamalı Güləliyev və Fikrət Atakişiyev saxlanılıb.
Məhkəmə qərarı ilə təqsirləndirilən şəxslərin barələrində həbs qətimkan tədbiri seçilib. Yalnız məhkəmə F.Atakişiyevin barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilməsi barədə qərar çıxarıb.
Həmin şəxslər Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda) maddəsi ilə ittiham olunurlar.