Nazirliyin keçmiş vəzifəli əməkdaşı məhkəmədə ifadə verib

Nazirliyin keçmiş vəzifəli əməkdaşı məhkəmədə ifadə verib Bakı. 3 oktyabr REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilən Qəbələ Telekommunikasiya Qovşağının sabiq rəisi Şahin Tağıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
3 Oktyabr , 2018 12:30
Nazirliyin keçmiş vəzifəli əməkdaşı məhkəmədə ifadə verib

Bakı. 3 oktyabr REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilən Qəbələ Telekommunikasiya Qovşağının sabiq rəisi Şahin Tağıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs sərbəst ifadə verib.

O deyib ki, məbləğlərin şişirdilməsi olub, lakin bunu podratçı şirkət edib: "Mənim marağım, sadəcə, bu işin görülməsi olub. Podratçı şirkətlə razılığı imzalasam da, pulu ödəməmişəm. Heç bir məbləğ də almamışam. Mən özümə haqq qazandırmıram. Amma heç kəsdən qalan puldan özüm üçün heç nə almamışam".

Ş.Tağıyev sualları cavablandırarkən bildirib ki, podratçı şirkətə ayrılan pulu bankdan çıxardıqdan sonra “Aztelekom” MMC-nin sabiq baş mühasibi Oktay Rüstəmova verib.

Xatırladaq ki, O.Rüstəmov "Rabitə işi"ndə həbs edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alaraq azadlığa çıxıb.

Ş.Tağıyev həbsdə olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri olmuş Vidadi Zeynalovla əlaqəsinin olmadığını deyib: "Onu, sadəcə, Aparat rəhbəri kimi tanımışam və başqa heç bir əlaqəm yoxdur".

Məhkəmədə məlum olub ki, Ş.Tağıyevin 300 min manat məbləğində dəyərləndirilən Qəbələdəki ikimərtəbəli evinə məhkəmə qərarı ilə həbs qoyulub.

O, elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib və Nazirliyə dəymiş 168 min manatı ödədiyini vurğulayıb.

Məhkəmənin növbəti iclası oktyabrın 10-na təyin edilib.

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin apardığı yoxlamalar zamanı Qəbələ Telekommunikasiya Qovşağında pozuntular ortaya çıxıb.

Rəsmi ittihama görə, qovşağın rəisi Şahin Tağıyevin 161 min manat mənimsədiyi məlum olub.

Ona Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi