Müştəri üstündə həmkarını yumruqla öldürməkdə təqsirləndirilən taksi sürücüsü məhkəmədə ifadə verib

Müştəri üstündə həmkarını yumruqla öldürməkdə təqsirləndirilən taksi sürücüsü məhkəmədə ifadə verib Məhkəmə iclası oktyabrın 15-də davam etdiriləcək
Hadisə
4 Oktyabr , 2018 16:49
Müştəri üstündə həmkarını yumruqla öldürməkdə təqsirləndirilən taksi sürücüsü məhkəmədə ifadə verib

Bakı. 4 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ehtiyatsızlıqdan ölümə səbəb olmaqda ittiham edilən Mehralı Babaşovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttiham aktına əsasən, M.Babaşov taksi fəaliyyəti ilə məşğul olub. Nizami rayonu ərazisində, "Qara Qarayev" metrosunun yaxınlığında maşınını saxlayaraq müştəri gözləyib. Bu zaman digər taksi sürücüsü Murad Qasımov da həmin əraziyə gələrək maşınını saxlayıb və müştəri çağırmağa başlayıb. Bu zaman tərəflər arasında növbəyə görə mübahisə yaranıb.

Mübahisə zamanı M.Qasımov M.Babaşovu təhqir edib. Daha sonra o, bir yumruq zərbəsi ilə M.Qasımovun sifət nahiyyəsinə zərbə endirib. Yerə yıxılan M.Qasımovun başı asfalta dəyib və ağır xəsarət alıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb.

M.Babaşova qarşı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham irəli sürülüb.

Elan olunmuş ittiham üzrə M.Babaşov özünü təqsirli bilib və mərhumun yaxınlarına başsağlığı verib.

O deyib ki, hadisədən əvvəl metronun "Qara Qarayev" stansiyasının yaxınlığından "20 Yanvar" stansiyasına 1 manatdan sərnişin daşıyıb: "Həmin gün də işə çıxmışdım. Növbədə mən idim. Bir nəfər də götürmüşdüm, üç adam da olsa idi, çıxacaqdım. Sonra rəhmətlik Murad gəlib mənimlə mübahisə etdi. O, nalayiq ifadələr işlədərək növbəyə keçdi. Mən də əlimin içi ilə onun sifətindən vurdum. Yerə yıxılandan sonra orada olan digər taksi sürücüləri kömək elədilər. Təcili yardım gələndə polislər də gəldi. Onu xəstəxanaya apardılar. Məni də polislər saxladı".

M.Babaşov ifadəsinin davamında əməlindən peşman olduğunu qeyd edib.

Daha sonra təqsirləndirilən şəxs bildirib ki, mərhum M.Qasımovun yaxınları ilə barışıq əldə edilib. O, məhkəməyə vəsatətlə müraciət edərək müvəkkilinin əməlinin ehtiyatsızlıqdan adam öldürməyə səbəb olmadan qəsdən sağlamlığa ağır zərər vurmaya tövsif edilməsini istəyib.

Məhkəmə vəsatəti qəbul edib. Proses oktyabrın 15-də davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi