Bakı. 26 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə təqsirləndirilən Azərbaycan müdafiə nazirinin keçmiş müavini polkovnik Mehman Səlimovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
"Report"un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs iştirak etməyib. M.Səlimovun hüquqlarını müdafiə edən vəkil zərərçəkmiş şəxsin növbəti məhkəmə iclasında iştirak etməsini istəyib.
Daha sonra M.Səlimovun vəkili vəsatətlə çıxış edib. O, iş üzrə tikinti ekspertizasının keçirilməsini istəyib. Vəsatət təmin edilməyib.
Məhkəmənin növbəti iclası martın 4-nə təyin edilib.
Qeyd edək ki, M.Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur. M.Səlimov 1995-1999-cu illərdə Azərbaycan müdafiə naziri Səfər Əbiyevin siyasi və ictimai işlər üzrə müavini olub.