Keçmiş MTN əməkdaşı məhkəmədə ifadə verib: "Mənə Eldar Mahmudovun qəbul otağında bir nəfərin olduğunu dedilər"
- 28 aprel, 2017
- 15:33
Bakı. 28 aprel. REPORT.AZ/ Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin İbtidai istintaq idarəsinin 2-ci şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
"Report"un xəbərinə görə, Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Vüsal Ələkbərov dindirilib.
O, istintaqa verdiyi ifadəsini təsdiqləyib. V.Ələkbərov bildirib ki, zərərçəkmişlərin qərəzli ifadələri ilə ona ittiham qurulub. "Texnikabank"ın "Bakı" filialının rəhbəri olmuş Zal Yusifovun barəsində açılmış 613 saylı cinayət işinin istintaqından danışan V.Ələkbərov qeyd edib ki, Zal Yusifovla yanaşı, Nizami Kazımov və Hüseyn Səfərovun barəsində də Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə cinayət işi başlanıb: "Həmin dövrdə Nizami Kazımov kürəkəni Samir Nadirliyə məxsus olan 704 min avronu da Zal Yusifova verib. Nizami Kazımov bu vəsaitlə bağlı Zal Yusifovdan 6 faiz gəlir götürüb. Həmin gəlirin 2 faizini kürəkəninə verib, qalan 4 faizini isə özünə götürüb. Sonradan əlavə gəlir verilmədiyi üçün Samir Nadirli və digər pulu depozitdə olan şəxslər şikayət etməyə başladı. Zal Yusifovun cinayət işi ilə bağlı Nizami Kazımov da məsuliyyətə cəlb edildi, barəsində ittiham elan olundu. Məhkəmənin qərarı ilə Nizami Kazımovun barəsində həbs qətimkan tədbiri seçildi. İstintaq dövründə Nizami Kazımov mənim tərəfimdən dindirilməyib. Onu istintaq şöbəsinin müstəntiqləri dindiriblər. O, həmin zaman ifadəsində vətəndaşlardan pul topladığını, həmin pulları Zal Yusifova verdiyini etiraf edib. Nizami Kazımovla istintaqdan kənar söhbətim olmayıb".
V.Ələkbərov daha sonra ifadəsində Nizami Kazımovun qardaşı Arzu Kazımovun sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qəbuluna gəlməsindən danışıb: "Mövlam Şıxəliyev mənə zəng vurdu və bildirdi ki, nazirin qəbul otağında bir nəfər var, onu mənim yanıma gətir. Mövlam Şıxəliyevin otağına gedən zaman bildim ki, bu şəxs Nizami Kazımovun qardaşı Arzudur. O, Nizami Kazımov və Hüseyn Səfərovun həbsdən azad edilməsini istəyib. Mövlam Şıxəliyevdə zərərçəkmişlərə dəymiş ziyan ödənildiyi halda qətimkan tədbirinin dəyişdirilməsinə baxılmasının mümkün olduğunu dedi. Bundan sonra Arzu Kazımov getdi. Bir neçə gündən sonra Arzu Kazımov 500 min manat ödəmək imkanlarının olduğunu, qalan ziyanı ödəyə bilməyəcəyini söylədi. Mövlam Şıxəliyev də bildirdi ki, zərərçəkmişlərə dəymiş ziyan ödənilmədiyi halda qətimkan tədbirinin dəyişdirilməsindən söhbət gedə bilməz. Samir Nadirli və digərləri dəymiş ziyanı ödəyəndən sonra Nizami Kazımovun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçildi. Mən hədə-qorxu yolu ilə Nizami Kazımovdan, başqalarından pul tələb etməmişəm".
Məhkəmənin növbəti prosesi mayın 12-nə təyin edilib.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 294.3-cü (sübutları saxtalaşdırma, ağır və ya xüsusilə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırma, habelə digər işlər üzrə sübutların saxtalaşdırılması ağır nəticələrə səbəb olma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilir.
Həbsdə olan V.Ələkbərova məxsus olan və həyat yoldaşı Şəhla Ələkbərovanın adına rəsmiləşdirilmiş Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 0,18 ha torpaq sahəsi və fərdi yaşayış evi, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 164, mənzil 42 ünvanında yerləşən mənzilinə üzərinə həbs qoyulub. Üzərinə həbs qoyulan əmlakların ümumi dəyəri isə 1 milyon 277 min manat hesablanıb.