Məhkəmə prokurorun apellyasiya protestini təmin etməyib

Hadisə
  • 07 fevral, 2018
  • 05:14
Məhkəmə prokurorun apellyasiya protestini təmin etməyib
Report

Bakı. 7 fevral. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Qərib Eyvazlı və Əli Abdullayevin barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, prokurorun apellyasiya protesti və təqsirləndirilən Q.Eyvazlının isə apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, hadisə 2016-cı il saat 1.00 radələrində Binəqədi-Mehdiabad yolunda qeydə alınıb. Bakı şəhər sakini Ə.Abdullayevin idarə etdiyi "Range Rover" markalı avtomobil Q.Eyvazlının idarə etdiyi "VAZ-21015" markalı maşınla toqquşub.

Nəticədə "VAZ-21015" markalı avtomobilin sərnişinləri Ramiz Muradov və Elgün Məmmədov aldıqları xəsarətdən ölüblər. Hər iki sürücü həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Q.Eyvazlı 8 il müddətinə azadlıqdan məhrum edilib. Ə.Abdullayevə qarşı irəli sürülən ittiham isə təsdiqini tapmadığından ona bəraət verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya şikayəti, təqsirləndirilən Q.Eyvazlı isə apellyasiya şikayəti verib.