Masallıda nişanlanan 15 yaşlı məktəbli qızın valideynlərinə xəbərdarlıq edilib

Masallıda nişanlanan 15 yaşlı məktəbli qızın valideynlərinə xəbərdarlıq edilib Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Masallı rayonunda məktəbli qızın ərə verilməsi ilə bağlı məlumatlara münasibət bildirib.
Hadisə
31 Yanvar , 2022 15:15
Masallıda nişanlanan 15 yaşlı məktəbli qızın valideynlərinə xəbərdarlıq edilib

Masallı rayonunda nişanlanan 15 yaşlı məktəbli qızın valideynlərinə xəbərdarlıq edilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu "Report"a bildirib ki, təmsil etdiyi qurum Masallı Rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya ilə əlaqə saxlayıb.

Onun sözlərinə görə, Komissiyadan Dövlət Komitəsinə bildirilib ki, sosial şəbəkələrdə 15 yaşlı qızın ərə verilməsi ilə bağlı yayılan məlumatlarla əlaqədar artıq icra hakimiyyətinin əməkdaşları ailədə olublar və fakt araşdırılıb.

Məlum olub ki, iki ailə arasında kiçik razılaşma mərasimi baş tutub: "Ailə ilə aparılan söhbətdən sonra bildirilib ki, azyaşlının 18 yaşı tamam olana qədər toy mərasimi baş tutmayacaq. Komissiyadan o da əlavə edilib ki, oğlanın valideynləri də rayon İcra Hakimiyyətinə dəvət edilib və onlarla da söhbət aparılacaq. Qeyd olunacaq ki, toy mərasimi baş tutarsa hər iki ailə məsuliyyətə cəlb ediləcəkdir".

T.Mərdanoğlu bildirib ki, hazırda məsələ Masallı Rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının nəzarətindədir.

12.02

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Masallı rayonunda məktəbli qızın ərə verilməsi ilə bağlı məlumatlara münasibət bildirib.

Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu "Report"a bildirib ki, rayonun Alvadı kəndində yeniyetmə qızın ərə verilməsi barədə məlumatlarla əlaqədar araşdırmalara başlanılıb.

Onun sözlərinə görə, araşdırmaların nəticəsinə uyğun olaraq ictimaiyyətə ətraflı məlumat veriləcək.

"Əgər fakt təsdiqini taparsa, müvafiq tədbirlər görüləcək", - Dövlət Komitəsinin sözçüsü bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə Masallı rayonunun Alvadı kəndində məktəbyaşlı qızın ərə verilməsi barədə məlumatlar yayılıb. Yetkinlik yaşına çatmayan qızın uzun müddətdir təhsildən kənarlaşdırıldığı da iddia olunur.

Son xəbərlər

Orphus sistemi