Keçmiş MTN polkovniki: "Quba və İsmayıllı hadisələrinin genişləndirilməsi üçün xaricdən Azərbaycana külli miqdarda pul göndəriləcəkdi"

Keçmiş MTN polkovniki: "Quba və İsmayıllı hadisələrinin genişləndirilməsi üçün xaricdən Azərbaycana külli miqdarda pul göndəriləcəkdi" Məhkəmənin növbəti prosesi aprelin 28-nə təyin edilib
Hadisə
14 Aprel , 2017 15:10
Keçmiş MTN polkovniki: Quba və İsmayıllı hadisələrinin genişləndirilməsi üçün xaricdən Azərbaycana külli miqdarda pul göndəriləcəkdi

Bakı. 14 aprel. REPORT.AZ/ Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş Əks Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə başlayıb.

"Report"un xəbərinə görə, hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlandığı elan olunub və dövlət ittihamçısı ittiham aktını elan edib.

M.Əzizov onun barəsində irəli sürülmüş ittihamı əsassız hesab edib. O, 1992-ci ildə MTN-də xidmətə başladığını, 2002-ci ildən rəhbər vəzifələr tutduğunu və həmin müddət ərzində qüsursuz xidmət ediyini deyib: "2012-ci ilin fevral ayında Vidadi adlı şəxsin xarici ölkə vətəndaşları ilə danışması, onlarla casusluq əməkdaşlığı etməsi barədə idarəyə əməliyyat siqnalı daxil oldu. Bizdə bu tədbirlərin qarşısını almaq üçün mühüm əməliyyat tədbirləri görürdük. Onun xarici ölkə vətəndaşı ilə əlaqəsi üzə çıxmışdı. Araşdırma aparıb, onun telefonunun dinlənilməsi üçün Baş Prokurorluğa müraciət etdik. Baş prokurorun müavini Rüstəm Usubovun imzası ilə məhkəməyə təqdimat verildi və Vidadi Əzizovun telefonunun dinlənilməsi haqqında qərar qəbul edildi".

M.Əzizov bildirib ki, bundan sonra agentura əməliyyat tədbirləri həyata keçirilib: "Həmin vaxtda da məlum Quba və İsmayıllı hadisələri baş vermişdi. Vidadi Əzizovun Moskvada olan bir nəfərlə telefon danışığından müəyyən etdik ki, bu hadisələrin miqyasını ölkədə genişləndirmək, Bakı və paytaxtın ətraf rayonlarında da törədilməsi üçün külli miqdarda pul göndəriləcək. Bu haqda MTN rəhbərliyinə məlumat verdik, o, tam nəzarətdə saxlanıldı".

Onun sözlərinə görə, həmin əməliyyatlara MTN-in 4 strukturu nəzarət edib: "Mənim burada hər hansı səlahiyyətli şəxs olmağım mümkün deyildi. Əməliyyat tədbirləri ilə müəyyən etdik ki, "Zaminbank"dan Vidadi Əzizov 9447 manat pul çıxaracaq, orada ona qarşı quldurluq olacaq. Bu quldurluğun qarşısını almaq üçün Vidadi Əzizovun həbs olunmasını qərara aldıq. Əməliyyatı xüsusi təyinatlılar keçirdi. Onu nazirliyə gətirdilər. Sellofan torba Aydın Manafovun otağına qoyuldu. Vidadi Əzizov isə mənim xidməti otağımda sorğu-sual edildi. Sorğu-sualdan sonra Aydın Manafov mənə "MTN rəhbərinin göstərişi var, Vidadi Əzizovun sərbəst buraxın" dedi. Həmin torba da Vidadi Əzizovun özünə qaytarıldı".

M.Əzizov söyləyib ki, V.Əzizovun bir beynəlxalq şəbəkəyə qoşulub, 550 milyonluq sənədə imza atdığı barədə idarəyə məlumat daxil olub: "Həmin vəsait Moskvadan keçirilib, İrana aparılmalıydı".

Məhkəmənin növbəti prosesi aprelin 28-nə təyin edilib.

İttihama görə, M.Əsgərov zərərçəkmişlərdən hədə-qorxu yolu ilə pul tələb etmək və digər ağır cinayətlərdə ittiham olunur.

O, Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilir.

Son xəbərlər

Orphus sistemi