FHN mina təhlükəsizliyi ilə bağlı vətəndaşlara müraciət edib

FHN mina təhlükəsizliyi ilə bağlı vətəndaşlara müraciət edib Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə jurnalistlər üçün "Mina təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsində medianın rolu" mövzusunda seminar başlayıb.
Hadisə
27 Dekabr , 2021 11:08
FHN mina təhlükəsizliyi ilə bağlı vətəndaşlara müraciət edib

Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə jurnalistlər üçün "Mina təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsində medianın rolu" mövzusunda seminar başlayıb.

"Report"un xəbərinə görə, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini general-mayor Məhərrəm Həsənov bildirib ki, işğaldan azad edilən ərazilərdə partlamamış minaların təmizlənməsinə 10 baş it qoşulub.

O deyib ki, ərazilərin partlamamış hərbi sursatlarla çirklənmə miqyası həddindən artıq geniş olduğu üçün minaaxtaran itlərə ehtiyac yaranıb: "Dekabr ayından etibarən nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin minaaxtaran istehkamçıları ilə bərabər, kinoloqları da xüsusi təlim keçmiş minaaxtaran itlərlə prosesə qoşulub. Bu itlər sürətli şəkildə mina və partlayıcı maddələr aşkarlayır".

M.Həsənov qeyd edib ki, 2021-ci ilin yanvar ayından başlayan əməliyyatlar əsasən, Ağdam və Füzuli rayonu istiqamətində, kənd və qəsəbələrdə, eləcə də içməli su hövzələrinin kənar ərazilərində aparılır: "Bu sahədə müvafiq kurslarda iştirak edərək akkreditasiyadan keçən xidmət əməkdaşları ən müasir avadanlıqlardan istifadə edir".

FHN-in Mətbuat Xidmətinin rəisi Gülçin Mehdiyevanın sözlərinə görə, minatəmizləmə əməliyyatları zamanı əhalinin maarifləndirilməsi vacib məsələdir: "Minanın nə olduğu, partlamamış sursatların insana nə kimi zərəri olmasını bu seminarda aydınlaşdıracayıq. Quruculuq işlərində iştirak edən şəxsləri, ərazilərdə ehtiyatlı olmağa, müəyyən olunan, təmizlənmiş yollardan istifadə etməyə çağırırıq. Təbii ki, qeyri-qanuni yollarla da ərazilərə keçən və keçmək istəyərkən saxlanılan vətəndaşlarımız da az deyil. Bir daha xahiş edirik ki, bu cür səfərlərdən çəkinsinlər, qanunsuz yollarla ərazilərə keçməsinlər".

Medianın İnkişafı Agentliyinin (MEDİA) şöbə müdiri Natiq Məmmədli azad olunan ərazilərdə peşə fəaliyyətini yerinə yetirən iki jurnalistin minaya düşməsinə toxunub: "Təəssüflər olsun ki, minatəmizləmə əməliyyatı aktual olaraq qalacaq. Bildiyiniz kimi, iki jurnalist - Məhərrəm İbrahimov və Sirac Abışov Kəlbəcərdə xain düşmənin basdırdığı minanın qurbanına çevrilərək şəhid oldular. Təbliğat təşviqat materialları jurnalistlər tərəfindən daima diqqətdə saxlayıb, bu barədə əhalinin maarifləndirilməsində xüsusi rola malik olmalıdır".

UNEC Tədqiqat Fondunun media və dövlət qurumları ilə iş üzrə departament rəhbəri Ellada Əliyeva söyləyib ki, gələcəkdə Zəngilan və digər rayonlara vətəndaşlarımız qayıdacaq. O deyib ki, bu proses digər azad olunan torpaqlarımızda da davam edəcək: "Vətəndaşları maarifləndirməklə, düzgün məlumatlandırmaqla onları mina və müharibə qalıqlarından qorumaqda həmrəy olmalıyıq. Azad edilən ərazilərdə təmizlənmə işləri davam edir, amma hələ də çox sayda minalarla, xüsusilə müxtəlif formalı sürpriz minalarla ərazilər çirklənmişdir. Köç baş verdikdən sonra xüsusilə yetkinlik yaşına çatmayan uşaqların maarifləndirilməsi bu baxımdan vacibdir".

Son xəbərlər

Orphus sistemi