Jurnalistlər binasından mənzil vədi verən baş redaktor iki şahidin məhkəmədə dindirilməsini istəyib

Jurnalistlər binasından mənzil vədi verən baş redaktor iki şahidin məhkəmədə dindirilməsini istəyib Bakı. mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Zaman Press qəzetinin baş redaktoru Gündüz Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
27 Mart , 2018 12:18
Jurnalistlər binasından mənzil vədi verən baş redaktor iki şahidin məhkəmədə dindirilməsini istəyib

Bakı.  mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Zaman Press" qəzetinin baş redaktoru Gündüz Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən G.Hüseynov vəsatətlə çıxış edib. O, vəsatət qaldıraraq əlavə şahidlər - Aslan Ağayev və Emin Poladovun məhkəməyə gətirilməsini istəyib. Bildirib ki, zərərçəkmişlərdən aldığı pulları A.Ağayevə verib: "Amma Aslan Ağayev məni silahla hədələyərək bu barədə kiməsə məlumat verməməsini tələb etdi".

Hakim bildirib ki, adı çəkilən şəxslərdən E.Poladov məhkəmədə şahid qismində dindirilib. Təqsirləndirilən şəxs qeyd edib ki, istintaq zamanı müstəntiqin tələb etdiyi bütün sənədlərə imza çəkib. O söyləyib ki, ailəsinə kömək edilməsi qarşılığında buna razılıq verib. Hakim bildirib ki, şahid A.Ağayev barəsində məlumatlar natamamdır: "Çünki Gündüz Hüseynov məhkəməyə yalnız Aslan Ağayevin mobil telefonunu təqdim edib və bununla şahidin tapılması mümkün olmaya bilər". 

Məhkəmə G.Hüseynova son dəfə vaxt verib. Bildirilib ki, əlavə şahid kimi dindirilmsini istədiyi A.Ağayev barəsində məhkəməyə tam məlumat verilməlidir.

Məhkəmənin növbəti prosesi aprelin 10-na təyin edilib.

İttiham aktına əsasən, G.Hüseynov öz işçilərinin 264 min manatdan artıq pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2-ci (iştirakçılığın növləri, rüşvət vermə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb.

Məhkəmədə şahid qismində dindirilən Sveta Qarayeva bildirib ki, həyat yoldaşı Bayram İsmayılov cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb: "Yoldaşım rəhmətə gedib. Gündüz Hüseynov ərimdən 33 min manat pul alıb. O, mərhum həyat yoldaşıma saxta jurnalist vəsiqəsi verib və jurnalistlərə tikilən mənzildən də ev alacağı vədini verib.

Digər şahid Xalidə İsmayılova ifadəsində söyləyib ki, o, "Zaman Press" qəzetində çalışıb, qəzetin rəhbəri G.Hüseynova 42 min manat pul verib: "Qəzetdə 6 ay çalışdım. Rəhmətlik anamın adından qəzetə yazılar verirdim. Anam məktəbdə dərs deyirdi. Gündüz Hüseynov mənə jurnalistlərə verilən mənzildən ev alacağı vədi verdi. Ona 42 min manat pul da verdim, lakin sözünə əməl etmədi".

Son xəbərlər

Orphus sistemi