İstanbuldan Bakıya narkotik gətirmək istəyən qadınlara hökm oxunub

İstanbuldan Bakıya narkotik gətirmək istəyən qadınlara hökm oxunub Bakıda qanunsuz olaraq narkotik vasitələri daşımada təqsirləndirilən Pərvanə Məmmədəliyeva, Elviyyə Dəmirova və Məhəmməd Abdullayevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb, onlara hökm oxunub.
Hadisə
18 İyun , 2022 10:04
İstanbuldan Bakıya narkotik gətirmək istəyən qadınlara hökm oxunub

Bakıda qanunsuz olaraq narkotik vasitələri daşımada təqsirləndirilən Pərvanə Məmmədəliyeva, Elviyyə Dəmirova və Məhəmməd Abdullayevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb, onlara hökm oxunub.

"Report"un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İradə Həsənzadənin sədrliyi keçirilən prosesdə elan edilən hökmə əsasən, P.Məmmədəliyeva 11 il 6 ay və E.Dəmirova ilə M.Abdullayevin hər biri 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2021-ci ilin fevral ayında Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Dəmirova Elviyyə Rasim qızına məxsus çamadan və bağlama gömrük nəzarəti zamanı saxlanılıb.

Yoxlama zamanı çamadanın və bağlamanın içərisində malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gizlədilən 5 ədəd şəffaf polietilen bükümdə gömrük nəzarətindən gizlədilən 977 ədəd MDMA (metilendioksimetamfetamin), uşaq yeməyi qutusunun içərisindən isə 98,800 qram narkotik vasitə - kokain, krem qutularının və çay paketinin içinə yerləşdirilmiş sellofan paketdə isə təsiredici maddəsinin ümumi miqdarı 76,206 qram olan və dünyada ən təhlükəli narkotik vasitə hesab edilən MDMB-4en-PİNACA (Bonzai) maddəsi aşkar edilib.

Aparılan təxirəsalınmaz istintaq hərəkətləri ilə cinayətkar qrupun digər üzvləri Məmmədəliyeva Pərvanə Rüstəm qızı və Abdullayev Məhəmməd İlqar oğlu qeyd edilən narkotik vasitə və psixotrop maddəni təhvil alan zaman saxlanılıblar.

E.Dəmirova, P.Məmmədəliyeva və M.Abdullayevin qeyd edilən cinayət əməllərini törətmələrinə əsaslı şübhələr olduğundan şübhəli şəxs qismində tutulublar. Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə ittiham elan edilib və barələrində Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, metamfetamin və MDMA (metilendioksimetamfetamin) "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir və onun təsiredici maddəsinin ümumi miqdarı 158,19 qramdır.

Son xəbərlər

Orphus sistemi