İşğaldan azad edilmiş ərazilərdə minaya düşən şəxslərin sayı açıqlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev “Report”un sorğusuna cavab olaraq bildirib ki, Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə 85 nəfər mülki şəxs minaya düşüb.
O deyib ki, minaya düşmüş mülki şəxslərdən 30 nəfər həyatını itirib, 55 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb: “Onların sırasında müxtəlif kateqoriyadan olan insanlar var ki, həmin ərazilərə qanunsuz daxil olaraq mina təhlükəsinə məruz qalıblar. Minalardan təmizləmə prosesi başa çatana qədər işğaldan azad olunan ərazilərə nəzərdə tutulmayan marşrut üzrə hərəkət təhlükəlidir”.
“Həlak olan mülki şəxslərdən bəziləri dəfələrlə qanunsuz olaraq həmin ərazilərə gedib və qanunvericiliyə uyğun olaraq cəzalandırılıblar. İşğaldan azad olunan ərazilərə getmək arzusunda olan mülki şəxslərin diqqətinə çatdırırıq ki, aidiyyəti dövlət qurumu tərəfindən müəyyən olunan marşrutlar üzrə vətəndaşların getməsi üçün təhlükəsiz şərait yaradılıb”, - o vurğulayıb.