Sabirabadda qadının doğuş zamanı ölümünün səbəbi açıqlanıb - YENİLƏNİB
- 08 iyul, 2025
- 20:49
1992-ci il təvəllüdlü hamilə qadın iyulun 7-də saat 18:00 radələrində İmişli Rayon Mərkəzi Xəstəxanasından Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzə təxliyə olunub.Hamiləliyin patologiyası şöbəsinə yerləşdirilən pasiyentə 39-40 həftə hamiləlik, baş gəlişi diaqnozları təyin edilib və zəruri tibbi xidmətlər göstərilib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələri idarətetmə Birliyindən (TƏBİB) bildirilib.
Qeyd olunub ki, iyulun 8-də saat 13:50 radələrində doğuşa alınan şəxsin boyu 52 sm., çəkisi 4 kq. 200 qr., cinsi oğlan olan körpəsi dünyaya gəlib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
Zahı qadında profuz qanaxma başlaması qeydə alınıb və aparılan bütün reanimasiya tədbirlərinə baxmayaraq, saat 18:00 radələrində onun ölüm faktı qeydə alınıb.
Meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib.
19:32
İmişli rayonundan olan qadın Sabirabadda doğuş zamanı ölüb.
“Report”un Aran bürosunun məlumatına görə, İmişli rayon sakini, 1992-ci il təvəllüdlü Kərimova Şəbnəm Vaqif qızı Sabirabad Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
O, doğuş zamanı həyatını itirib, körpə isə sağ qalıb.
Faktla bağlı araşdırma aparılır.