Hirkan Milli Parkında yanğın başlayıb - YENİLƏNİB
- 07 avqust, 2017
- 12:57
Lənkəran. 7 avqust. REPORT.AZ/ Hirkan qoruğunda baş verən yanğın 1 hektar ərazini əhatə edir. "Report"un Cənub bürosunun verdiyi məlumata görə, yanğının lokallaşdırılması istiqamətində tədbirlər görülür.
Yanğın yüksək dağlıq ərazidə olduğu üçün texnikanın hadisə yerinə çıxarılması mümkün deyil. Lənkəran və Astara Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli şöbəsinin əməkdaşları yanğını əllə söndürməyə cəlb olunub.
*** saat 14:18
Lənkəran. 7 avqust. REPORT.AZ/ Hirkan Milli Parkında yanğın başlayıb.
"Report"un Cənub bürosunun verdiyi məlumata görə, hadisə parkın Lənkəran rayonunun Biləsər kəndinə yaxın yüksək dağlıq ərazidə yerləşən hissəsində baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova "Report"a bildirib ki, avqustun 7-də saat 13:00 radələrində Hirkan Milli Parkında yanğın başlayıb: "Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları hadisə yerindədirlər. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinə də məlumat verilib. Yanğın baş verən ərazi yüksək dağlıq ərazidə yerləşdiyi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları əl əməyindən istifadə edərək yanğını söndürməyə çalışırlar".