Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsinin yanacaq-sürtkü materialları xidmətinin rəisi, kapitan Həsənov Ülvi Bəxtiyar oğlu həbs edilib.
Bunu "Report"a hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.
Ü.Həsənova Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsində istintaq olunan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci, 341.1-ci və digər maddələri ilə ittiham elan edilib.
Məlumata görə, onun barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı hərbi məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
"Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcəkdir", - Hərbi Prokurorluqdan bildirilib.