Hacıqabulda yataqxanada yanğın zamanı 5 nəfər ölüb, araşdırma aparılır - YENİLƏNİB-5

Hacıqabulda yataqxanada yanğın zamanı 5 nəfər ölüb, araşdırma aparılır - YENİLƏNİB-5 Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Hacıqabul rayonunun Navahı qəsəbəsində ikimərtəbəli yataqxana binasında yanğın olması barədə ilkin məlumat daxil olub.
Hadisə
12 Oktyabr , 2023 11:23
Hacıqabulda yataqxanada yanğın zamanı 5 nəfər ölüb, araşdırma aparılır - YENİLƏNİB-5

Hacıqabulda baş verən yanğın nəticəsində xəsarət alan bir nəfər (qadın) sol-said nahiyəsinin 1-ci dərəcəli termiki yanığı diaqnozu ilə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.

Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, ona xəstəxanada ilk tibbi yardım göstərilərək ambulator müalicə üçün evə buraxılıb.

11:10

Oktyabrın 12-də saat 01 radələrində Hacıqabul rayonunun Navahı qəsəbəsində taxta konstruksiyalı barak tipli yaşayış yerlərində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Hacıqabul rayon prokurorluğunun əməkdaşları tərəfindən prokuror-kriminalist, Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsinin əməkdaşları və ekspertin iştirakı ilə dərhal hadisə yerinə baxış keçirilib, həmçinin zəruri və təxirəsalınmaz istintaq hərəkətləri icra olunub.

Hadisə nəticəsində 5 nəfər şəxs - 1944-cü il təvəllüdlü Mütəllim Məmmədov, 1952-ci il təvəllüdlü Sara Abışova, 1981-ci il təvəllüdlü Aybəniz Abışova, 2010-cu il təvəllüdlü Zəhra Sadıqova və 2012-ci il təvəllüdlü Elgün Sadıqov ölüb, 1 nəfər şəxs - 1963-cü il təvəllüdlü Şölə Həsənova xəsarət alıb.

Xəsarət almış şəxsə xəstəxanada ambulator tibbi yardım göstərilib və hazırda vəziyyəti stabildir.

Hadisənin baş vermə səbəbinin müəyyən olunması istiqamətində Hacıqabul rayon prokurorluğunda araşdırma aparılır.

10:45

Dəqiqləşdirilmiş məlumata əsasən, gecə saatlarında Hacıqabul rayonunun Navahı qəsəbəsində baş vermiş yanğın hadisəsi taxta konstruksiyadan ibarət barak tipli yaşayış evində baş verib.

Bu barədə "Report"a FHN-dən bildirilib.

04:26

Hacıqabulun Navahı qəsəbəsində ikimərtəbəli yataqxana binasında baş verən güclü yanğın nəticəsində 5 nəfər ölüb, daha 2 nəfər xəsarət alıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, yataqxanada məskunlaşmış Zəngilan sakinləri, ikisi azyaşlı olmaqla 5 nəfər - 42 yaşlı Aybəniz Abışova, 73 yaşlı Sara Abışova, 80 yaşlı Mütəllim Mahmudov, 11 yaşlı Elgün Sadıqov və 13 yaşlı bacısı Zəhra Sadıqova yanaraq ölüblər.

Hadisə zamanı, daha 2 nəfər isə yanıq xəsarəti alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə FHN-in Hacıqabul rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Hazırda yanğın söndürülüb.

Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

03:54

Hacıqabul rayonunun Navahı qəsəbəsində ikimərtəbəli yataqxana binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə "Report"a FHN-dən bildirilib.

Əlavə məlumat veriləcək.

03:14

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Hacıqabul rayonunun Navahı qəsəbəsində ikimərtəbəli yataqxana binasında yanğın olması barədə ilkin məlumat daxil olub.

Bu barədə "Report"a FHN-dən bildirilib.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam edir.

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi