Yuxarı

​"Grand Motors" MMC-nin şikayəti əsasında keçirilən məhkəmədə qərar elan olunub

Birinci instansiya məhkəməsinin çıxardığı qətnamə dəyişdirilmədən saxlanılıb

Bakı. 20 aprel. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində "Grand Motors" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) "Unileasing" Qapalı Səhmdar Cəmiyyətinə (QSC) qarşı verilmiş apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

“Report”un məlumatına görə, hakim Sərvət Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı qətnamə dəyişdirilmədən saxlanılıb. "Grand Motors" MMC-nin apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, ötən il "Unileasing" QSC "Grand Motors" MMC-ni məhkəməyə verib. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən lizinq şirkəti daxili maliyyə lizinqi müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsi barədə tələb irəli sürüb. Məhkəmə iddianı təmin edib. Qərardan narazı qalan "Grand Motors" MMC apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Xatırladaq ki, bir neçə il əvvəl "Unileasing" "Grand Motors" şirkətilə birgə "New Holland" italyan şirkəti ilə ümumi dəyəri 3,2 milyon ABŞ dollarından artıq olan müqavilə bağlayıb.

"Unileasing" QSC 2004-ci ildə "Unibank" və Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən təsis olunub. "Grand Motors" isə 2005-ci ildə təsis edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi