Göygöl. 12 aprel. REPORT.AZ/ "Mənim oğlumu 80 yaşlı Marquş Bayramova yox, onun nəvələri qətlə yetirib".
Bunu "Report"un Qərb bürosuna Göygöl rayonunun Murovdağ qəsəbəsində 80 yaşlı qadın tərəfindən qətlə yetirildiyi bildirilən 1974-cü il təvəllüdlü Şiraslan Atayevin anası Pakizə Atayeva deyib.
P.Atayevanın sözlərinə görə, oğlunu Marquş Bayramova yox, onun nəvələri öldürüb: "Axşam saat 23 radələrində evin qapısı döyüldü. Əvvəl oğlumun gəldiyini düşündüm. Lakin, qapını açdım gördüm ki, Marquş gəlib. Dedim gəcənin bu vaxtı xeyirdimi? Dedi "oğlunu öldürmüşəm gəl meyitini apar". Marquşla onların həyətinə getdim. Gördüm oğlumun cansız bədənini uzadıb üstünü də örtüblər. Oğlumun meyitinə yaxınlaşdım. Meyit buz kimi idi. Bu da o deməkdir ki, oğlum çoxdan ölmüşdü. Lakin, Marquş mənə deyirdi ki, indi öldürüb. Meyitin buz kimi olması onun çoxdan öldürülməsi və qətlin planlı şəkildə törədilməsi şübhəsini yaradır. Oğlum Marquşun evinə heç vaxt getmirdi. Marquş isə mənə deyir ki, guya oğlum gedib onlarda oturub, oğluma çay süzüb. Sonra oğlumun evindən çıxıb getməsini istəyib, oğlum isə onu söyüb. Bunlar tamamilə cəfəngiyyatdır. Oğlumun ölümündə onun nəvələrinin əli var. Çünkü, 80 yaşlı qadın oğlumu öldürə bilməz".
Qətlə yetirilən Ş.Atayevin qardaşı Rizvan Atayev bildirib ki, qardaşı ilə Marquş Bayramovanın nəvələri arasında mübahisə olub: "Məncə bu cinayət həmin mübahisə səbəbindən törədilib və bu işdə onların əli var. Marquş Bayramova bu işi öz üzərinə götürüb. Qardaşım uzun illərdir xarici ölkədə yaşayırdı və orada bənna fəaliyyəti ilə məşğul idi. Hadisədən iki ay əvvəl Bakıya gəlmişdi. Sonra anasına baş çəkmək üçün Murovdağ qəsəbəsinə gəlib. Qəsəbədə çay evində Marquş Bayramovanın nəvələri ilə mübahisəsi olub. Həmin gün gecə saatlarında isə qardaşımın Marquş Bayramova tərfindən bıçaqlanaraq qətlə yetirilməsini eşitdim. Mən inanmıram ki, 80 yaşlı qadın 43 yaşlı kişini bir bıçaq zərbəsi ilə öldürsün. Buna qadının fiziki gücü də imkan vermir. Burada qaranlıq məqamlar var və hüquq mühafizə orqanlarının əməkdaşlarından xahiş edirəm ki, bu işə obyektiv baxılsın, həqiqi çinayəti törədən və ya törədənlər tapılsın, haqq yerini alsın. Göygöl Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 ( Qəsdən adam öldürmə ) maddəsi ilə açılan cinayət işi daha sonra 123.1-ci (Zəruri müdafiə həddini və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla adam öldürmə) maddə ilə dəyişdirilib".
R.Atayev bildirib ki, hadisə baş verəndən sonra Marquş Bayramovanın nəvələri anasının evinə hücum ediblər: "Anam şəhid anasıdır. Biz bir qardaşımızı Azərbaycanın işğal altında olan torpaqlarının azad olunması uğrunda gedən döyüşlərdə şəhid vermişik. Şəhid anasına qarşı bu cür rəftar yolverilməzdir. Marquşun nəvələri, yaxınları anamın evinə hücüm edib pəncərələri sındırıblar, anama qarşı zor tətbiq ediblər. Hələ bu yetməmiş kimi qardaşımın meyitini təhqir edib, onu baltalamaq istəyiblər. Bu haqda hüquq mühafizə orqanlarına məlumat verilib. Lakin, bununla bağlı hər hansı bir cinayət işi qaldırılmayıb. Şəhid anasına bunları edənlərin heç biri məsuliyyətə cəlb olunmayıb".
Xatırladaq ki, mart ayının 9-da axşam saatlarında qonşusunu qətlə yetirdiyi bilinən Marquş Bayramovanın istintaqa verdiyi ifadəsinə görə, hadisəni törətməsinə Şiraslanın onun evinə sərxoş vəziyyətdə gələrək narahat etməsi və həyətindən çıxıb getməsini istədiyi zaman ona söyüş söyməsi səbəb olub.