Goranboy. 3 may. REPORT.AZ/ Goranboyda baş vermiş ağır avtomobil qəzasının təfərrüatları məlum olub.
"Report"un Qərb bürosunun məlumatına görə, qəzaya səbəb "Toyota Prado" markalı avtomobilin sürücüsü, Ağdam rayon Paşabəy kənd sakini, 1960-cı il təvəllüdlü Quliyev Füzuli Şura oğlunun sükan arxasında infarkt keçirməsi olub.
Bu zaman avtomobil idarəetmədən çıxaraq, qarşı tərəfdən gələn "VAZ-21021" markalı avtomobillə toqquşub. Nəticədə sürücü və həyat yoldaşı ölüb. Onların iki nəvəsi isə xəsarət alıb.
Yaxınlarının sözlərinə görə, əvvəllər 2 dəfə ürək əməliyyatı keçirən F.Quliyev ürək xəstəliyindən əziyyət çəkirmiş.
Qeyd edək ki, hadisə nəticəsində "VAZ -21021" markalı avtomobilin sürücüsü hadisə yerində ölüb. Onun həyat yoldaşı və qızı isə ağır bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.
***23:18
Goranboyda baş vermiş ağır avtomobil qəzası nəticəsində yaralananların və ölənlərin hamısının adları məlum olub.
"Report"un Qərb bürosunun məlumatına görə, yaralılar Ağdam rayon Paşabəy kənd sakinləri: - 2006-cı il təvəllüdlü Quliyeva Xədicə Amil qızı, 2016-cı il təvəllüdlü Əhmədov Füzuli İlham oğlu və Xanqərvənd kənd sakinləri: - 1977-ci il təvəllüdlü Feyzulayeva Hüsniyə Sədrəddin qızı, 2001-ci il təvəllüdlü Süleymanova Qəribə Əli qızıdır.
Qəza nəticəsində ölənlər isə "Toyota" markalı avtomobilin sürücüsü, 1960-cı il təvəllüdlü Quliyev Füzuli Şura oğlu, onun həyat yoldaşı, 1963-cü il təvəllüdlü Quliyeva Cəmilə Sovet qızı və "VAZ-21021" markalı avtomobilin sürücüsü Goranboy rayon Xanqərvənd kənd sakini, 1972-ci il təvəllüdlü Süleymanov Əli Süleyman oğludur.
Hadisə ilə bağlı Goranboy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
***18:16
Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, qəza rayonun Xanqərvənd kənd yolunda qeydə alınıb.
Belə ki, "VAZ-21021" və "Toyota Prado" markalı minik avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.
Ölənlərin "VAZ-21021" markalı avtomobilin sürücüsü, Goranboy rayon sakini, 1972-ci il təvəllüdlü Əli Süleyman oğlu Süleymanov və "Toyota Prado" markalı avtomobilin sərnişini, Ağdam rayon sakini, 1963-cü il təvəllüdlü Cəmilə Sovet qızı Quliyeva olduğu bildirilir.
Yaralılar Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan ikisi azyaşlıdır.
Faktla bağlı araşdırma aparılır.